Rayon haqqında
Təhsil
Məlum olduğu kimi, Şamaxı təhsili çox zəngin bir tarixə malikdir. Qədim mənbə və məxəzlərin verdiyi məlumatlara görə bu bölgədə təhsilin əsası mədrəsələr vasitəsilə qoyulmuşdur. Məşhur alman səyyahı və alimi Adam Oleari burada olarkən mədrəsələrdə dünyəvi elmlərin də öyrənildiyinin şahidi olmuşdur.
XIX əsrin ikinci yarısından etibarən Şamaxı təhsili təşəkkül tapmağa başlamışdır. Həmin dövrdə burada ibtidai məktəb, qız məktəbi, rus-Azərbaycan məktəbi, xalq məktəbi və s. fəaliyyət göstərməyə başlamışdır. Bununla da Şamaxıda məşhur pedaqoqlar nəsli yetişmişdir. Bu gün onlarardan S.Ə.Şirvaninin, M.Ə.Sabirin, S.M.Qənizadənin, H.Mahmudbəyovun, M.Mahmudbəyovun, Ə.Orucovun, C.Cəbrayılbəylinin, A.Çerniyayevskinin və başqalarının adlarını böyük fəxr hissi ilə çəkə bilərik.
Keçmiş sovet dövründə rayonun ümumtəhsil sahəsində geniş şəbəkə formalaşdırılmış, Şamaxıda Pedaqoji Məktəb, Kənd Təsərrüfatı Texnikumu və Tibb Məktəbi fəaliyyət göstərmişdir.
Hazırda Şamaxı rayonunda 69 ümumtəhsil məktəbi, 21 məktəbəqədər, 2 məktəbdənkənar uşaq tərbiyə müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərinin 51-i tam orta, 16-sı ümumi orta, 2-i ibtidaidir. Şamaxı rayonunda xüsusi qabiliyyətli şagirdlərin istedad və bacarıqlarının daha da inkişaf etdirməsinə xidmət edən Texniki, humanitar və təbiət fənləri təmayüllü lisey və Şamaxı Avropa liseyi fəaliyyət göstərir. 2021-2022-ci tədris ilində ümumtəhsil məktəblərində 13890 nəfər (məktəbhazırlıq qrupu ilə birlikdə 14872) şagirdin təlim və tərbiyəsi ilə 1853 nəfər müəllim, məktəbəqədər uşaq tərbiyə müəssisələrində 1060 nəfər uşağın tərbiyəsi ilə 138 nəfər tərbiyəçi məşğul olur. 2 məktəbdənkənar uşaq tərbiyə müəssisəsində, o cümlədən Uşaq-Gənclər İnkişaf Mərkəzində, Uşaq-Gənclər İdman-Şahmat Məktəbində dərnəklərə istedadlı və qabiliyyətli şagirdlər cəlb edilmişdir. Həmin müəssisələrdə 30 nəfər müəllim və dərnək rəhbəri çalışır.
Rayon üzrə 2021-ci ildə XI sinfi bitirən 647 nəfər məzunun 230 nəfəri müxtəlif ali və orta-ixtisas məktəblərinə qəbul olunmuşdur.
Hər il rayonda müasir tələblərə cavab verən yeni məktəb binaları tikilir və əsaslı təmir edilir. 2020-2021 və 2021-2022-ci tədris illərində 960 şagird yerlik şəhər 2 saylı, 380 şagird yerlik rayonun Şəhriyar qəsəbə, 420 şagird yerlik Çarhan kənd tam orta məktəblərinin yeni binaları tikilmiş, şəhər 2 saylı tam orta məktəbin 500 şagird yerlik II korpusu və şəhər 9 saylı tam orta məktəbin binası əsaslı təmir edilərək (216 şagird yerlik 9 əlavə sinif otağı tikilib) istifadəyə verilmişdir. Modul tipli layihə əsasında tikilmiş 56 şagird yerlik Şirvan kənd tam orta və 96 şagird yerlik Qaleybuğurd kənd tam orta məktəbləri istifadəyə verilmişdir. Hazırda yeni tikilən 280 şagird yerlik Ovçulu kənd tam orta və 40 şagird yerlik Pirbəyli kənd modul tipli məktəbləri istifadəyə hazır vəziyyətdədir.
Uşaq Gənclər İnkişaf Mərkəzi
Uşaq Gənclər İnkişaf Mərkəzi 1946-cı ildən təhsil şöbəsinin nəzdində fəaliyyət göstərir. Müəssisənin əsas məqsədi şagirdlərin istedad və bacarıqlarını aşkar etmək, uşaqların asudə vaxtlarını səmərəli keçirmək, onların yaradıcılıq potensialını inkişaf etdirməkdir.
Mərkəzdə 14 qrup (“Bədii qiraət”, “Bacarıqlı əllər”, “Dərzi”, “Makrame”, “Xalçaçılıq”, “Aplikasiya və dekorativ rəsm”, “Floristika”, “Rəqs”, “Xor”, “Qarmon”, “Tar”, “Bədii tikmə”, “Biçmə”, “Gənc gülçülər”, “Ədəbi diyarşunaslıq”, “Piano”) fəaliyyət göstərir. Müəssisədə 210 dərnək üzvü məşğul olur. Bütün qruplar mərkəzdə fəaliyyət göstərir. Uşaqlarla ali və orta ixtisas təhsilli müəllimlər məşğul olur. Mərkəz keçirilən müsabiqə və yarışlarda fəal iştirak edir. 2010-cu ilin dekabrında Təhsil Nazirliyinin bədii yaradıçılıq müsabiqəsində mərkəz I yeri tutmuşdur. Uşaqların asudə vaxtlarının təşkili ilə əlaqədar mərkəzdə müxtəlif səpgili tədbirlər keçirilir. Yay mövsümündə uşaqların istirahətinin təşkili ilə əlaqədar əmək istirahət düşərgəsi fəaliyyət göstərir.
Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi
Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi 1978-ci ildən rayon təhsil şöbəsinin nəzdində fəaliyyət göstərir. Müəssisənin əsas məqsədi respublikanın təbiətini qoruyub saxlamaq, indiki və gələcək nəsillərə sağlam həyat bəxş etmək üçün ekologi təhsil və tərbiyəni düzgün inkişaf etdirmək və maarifləndirmə işləri aparmaqdır. Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində 16 qrup fəaliyyət göstərir. Həmin qruplarda 180 nəfər şagirdlə 8 nəfər pedaqoji işçi məşğul olur.
Mərkəzdə “Ətraf mühit və insan sağlamlığı”, “Yaşıl aləm”, “Floristika”, “Ailə və ətraf mühit”, “Təbiət bizim evimizdir”, “Gülçülük” və s. adda dərnəklər yaradılıb. Mərkəzin dərnək üzvü Nurlanə İsgəndərova 2009-cu ilin aprel ayında keçirilmiş II respublika ekoloji forumunda iştirak edərək sertifikat və hədiyyə ilə mükafatlandırılmışdır. Respublika məktəblərinin 2010-cu ildə keçirilən “Təbiət bizim sərvətimizdir” rəsm və foto müsabiqəsində dərnək üzvü Rəsul Maqsudov yüksək yer tutmuşdur.