Rayon haqqında
Səhiyyə
Şamaxı səhiyyəsi də qədim tarixə malikdir. Tarixi mənbələrə görə Şirvanşah Fərabuzun göstərişi ilə Şirvanda (Məlhəm kəndində) tibb akademiyası yaradılmışdır. Həmin akademiyanın yaradıcısı və qurucusu Azərbaycanın böyük şairi Xaqanin əmisi və müəllimi Kafiəddin Ömər ibn Osman olmuşdur. Burada əsasən əsəb xəstəliklərinə qarşı müalicə işləri aparılmışdır. Məlhəm kəndinin adı da məhz buradan qaynaqlanır. Bundan əlavə Dədəgünəş kəndinin yaxınlığında da müalicəxananın olması baradə bir sıra mənbələr mövcuddur. Hazırda həmin ərazi ziyarətgah yeridir.
Orta və XIX - XX əsrlərdə də Şamaxının tanınmış həkimləri olmuşdur. Deyilənlərə görə Şamaxı Çar Rusiyasının tərkibinə daxil edilən dövrlərdə Kərbəlayı Ələkbər adlı məşhur təbib azad düşüncəyə malik olduğu üçün quberniyya rəisinin qəzəbinə tuş gəlir. Onu Sibirə sürgün edilən ərəfədə quberniya rəisinin yanına gətirirlər. Təbib yerişinə baxıb dərhal onun ayağındakı xəstəliyin adını söyləyir. Quberniya rəisi təəccüblə “bəli” deyir. Hiss edir ki, onun dərdinin çarəsi məhz bu təbibdədir. Beləliklə, Kərbəlayı Ələkbər Sibir sürgünündən, quberniya rəisi isə həmin xəstəlikdən xilas olur.
1930-cu ildə Şamaxı rayonunda səhiyyə şöbəsi yaradılmışdır. 1934-cü ildə bu günkü xəstəxananın yerində Səhiyyə komissarı M.Qədirlinin göstərişi ilə vərəm əleyhinə sanatoriya yaradılmışdır. Müharibə illərində həmin sanatoriya qospitala çevrilmişdir. Sonralar qospitalın yerində mərkəzi rayon xəstəxanası yerləşdirilmişdir. Rayonda səhiyyə sisteminin qurulmasında və əhaliyə yüksək tibbi xidmətinin göstərilməsində tanınmış həkimlərdən Emin Əfəndiyevin, Aydın İmaməliyevin, İslam Abdullayevin, Umbay Əmirovun, Rauf Salamovun, Sifadə Məmmədovun, Həbib Babayevin, Kübra Səlimbəylinin, Məğlubə Əfəndiyevanın, Salman Mustafayevin və başqalarının böyük əməyi olmuşdur.
Hazırda Şamaxı rayonunda Diaqnostika Mərkəzi, 131 çarpaylıq mərkəzi rayon xəstəxanası, 15 çarpaylıq Göylər kənd xəstəxanası, 14 həkim, 20 tibb məntəqəsi və təcili və təxirə salınmaz tibbi xidmət şöbəsi fəaliyyət göstərir. Mərkəzi xəstəxana üzrə 114 həkim və 279 orta tibb işçisi çalışır. Uşaqlar arasında yüksək ölüm və əlilik verən poliomielit kimi kəskin yolxucu xəstəliklər ləğv edilmişdir. Şamaxı rayon mərkəzi xəstəxanası rayon əhalisinə aşağıdakı ixtisaslaşdırılmış tibbi xidmətləri göstərir.
- Kardiologiya
- Anesteziologiya və intensiv terapiya
- Urologiya
- Nevrologiya
- Fizioterapiya
- İnfeksion xəstəliklər
- Laboratoriya
- Otolorinqologiya
- Oftolmologiya
- Onkologiya
- Terapiya
- Cərrahiyə
- Endoskopiya
- Qadın məsləhətxanası
- Doğum şöbəsi
- Ginekologiya
- Stomotologiya
- Şüa diaqnostika
Müalicə Diaqnostika Mərkəzi
Təməli 2007-ci ilin martında qoyulmuş mərkəz 2009-cu ilin noyabrın 26-da istifadəyə verilmişdir. Açılış mərasimində Azərbaycan Resrpulikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
1,5 hektar ərazidə yerləşən Müalicə Diaqnostika Mərkəzinin tikintisinin ümumi sahəsi 7000 kvadrat metr, o, cümlədən əsas korpusun sahəsi 5800 kvadrat metrdir.
Mərkəzin binası 3 mərtəbəlidir. 1-ci mərtəbədə 60, 2-ci mərtəbədə 51, 3-cü mərtəbədə 30 otaq olmaqla mərkəzdə qəbul, poliklinika, funksional diaqnostika, dializ, stosionar, əməliyyat, reanimasiya, cərahiyyə, kompüter tomoqrafiya, rentgen və s. şöbələr fəaliyyət göstərir.
Mərkəzin xidmətindən Şamaxı rayonun əhalisi ilə yanaşı, qonşu rayonların sakinləri də istifadə edirlər. Son vaxtlar burada böyük uğurla açıq ürək və digər əməliyyatlar aparılmışdır.
COVID-19-la mübarizə
2019-cu ildə koronavirus infeksiyası (COVİD-19) yayılması nəticəsində rayonumuzda indiyədək vətəndaşlardan götürülmüş 34042 testdən 7197-si pozitiv qeydə alınmışdır. Pozitiv qeydə alınan xəstələrdən 7062 nəfəri sağalmış, 129 nəfəri vəfat etmişdir. Hazırda isə 6 nəfər xəstənin test nəticələri pozitiv olduğundan evdə müalicəyə cəlb edilmişdir.
Yeni növ koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə 2020-ci ildə başlayan zəruri qabaqlayıcı tədbirlər, profilaktik və təxirəsalınmaz qərarlar 2021-ci ildə də davam etdirilib. Belə ki, 2021-ci il yanvarın 18-dən etibarən respublikamızın hər yerində olduğu kimi rayonumuzda da əhalinin vaksinasiyasına başlanılmışdır. Vaksinasiya başlayandan bugünədək rayon əhalisinin 38254 nəfəri I doza, 23895 nəfəri isə booster doza peyvəndlənmə prosesində iştirak etmişdir.