Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət

 

Şamaxının Azərbaycan mədəniyyətinin inkişafında xüsusi rolu olmuşdur. Bu, əsasən Şamaxının erkən şəhər kimi formalaşması, min ildən yuxarı qədim Şirvanşahlar dövlətinin paytaxtı olması, bir sıra xarici ölkələrlə ticarət və mədəniyyət əlaqələri qurması ilə bağlıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyev Şamaxıya, onun tarixinə, mədəniyyətinə xüsusi diqqətlə yanaşmış, çıxışlarında vurğulamışdır ki: “Şamaxı Azərbaycanın ən qədim elm və mədəniyyət mərkəzlərindən biridir”.

Şamaxı böyük dahilərin, Azərbaycanın bir sıra məşhur yazıçı və şairlərinin vətəni olmuşdur. Orta əsrlərdə Şamaxı Şərqdə “Darül-ədəb”, yəni ədəb universiteti adlandırılmışdır. Tarixi mənbələrə görə Şirvanşah Fəriburzun sayəsində Şirvanda tibb akademiyası yaradılmışdır. Həmin akademiyanın yaradıcısı və qurucusu əvəzsiz şairimiz Xaqani Şirvaninin əmisi və müəllimi Kafiəddin Ömər ibn Osman olmuşdur. Aparılan araşdırmalara görə təkcə “Şirvani” təxəllüsü ilə 400-dən yuxarı alim, şair, səyyah və müxtəlif peşə sahibləri Azərbaycan elmini, ədəbiyyatını və mədəniyyətini zənginləşdirməklə məşğul olmuşdur. Bir sıra tarixi mənbələr təsdiqləyir ki, Azərbaycanda fəaliyyət göstərmiş ilk teatrlardan biri də Şamaxıda olmuşdur. 1858-ci ilin aprelində açlışı olmuş teatrın fəaliyyəti quberniyanın mərkəzi Şamaxıdan Bakıya köçənə qədər davam etmişdir. Həmçinin Azərbaycanın ilk mətbu orqanlarından biri məhz Şamaxı şəhərində 1876-cı ildə bu torpağın yetişdirməsi olan Səid Ünsizadənin redaktorluğu ilə nəşr olunmuşdur.

Odlar diyarı Azərbaycanda ta qədim zamanlarda şairlər məclisi fəaliyyət göstərmişdir. Mənbələrdən məlum olur ki, hər bir dövürdə istər saray şairləri, istərsə də xalq içində yaşayıb yaradan şairlər bir yerə toplaşıb şeirlərini oxumuş, yarışmışlar. Bu cür ədəbi məclislər Şirvan Şahlarının, Şamaxının sonuncu hakimi Mustafa xanın sarayında təşkil edilmişdir. Belə məclislərdən biri “Beytüs – səfa” ədəbi məclisi 1867-ci ildə Şamaxıda S.Ə.Şirvaninin dostu Ələkbər bəyin təşəbbüsü ilə yaradılmış, məclisin ilk məşğələləri Əhməd Ağanın karvansarasında təşkil olunmuşdur. Üzvləri əsasən dövrün görkəmli şairləri olmuş ədəbi məclisə Bahar Şirvaninin təklifi ilə “Beytüs – səfa” (səfa evi) adı verilmişdir. Seyid Əzim Şirvani, Mahmud Ziya, Qafar Raqib, Ələkbər Qafil, Molla Ağa Bixud, Məhəmməd Səfa, Mirzə Məhəmməd Həsən və başqa şairlər bu məclisin daimi iştirakçıları olmuşlar. 1888-ci ildə vəfat edənədək S.Ə.Şirvani ədəbi məclisə rəhbərlik etmiş, sonralar məclis Bixudun rəhbərliyi ilə təşkil olunmuşdur. Təqribən 1892-ci ilə qədər fəaliyyət göstərmiş ədəbi məclisdə təkcə şairlər deyil tanınmış xanəndələr də iştirak etmişlər.

Bu gün bütün Azərbaycan xalqının fəxri olan Hacı Zeynalabdin Şirvani, Fələki Şirvani, Kafiəddin Ömər ibn Osman, Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Seyid Yəhya Şirvani Bakuvi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Abbas Səhhət, Soltan Məcid Qənizadə, Camo Cəbrayılbəyli, memarlar Qasımbəy Hacıbababəyov, Zivərbəy Əhmədbəyov, aktyor və rejissorlar Abbas Mirzə Şərifzadə, Ağasadıq Gəraybəyli, Ələsgər Şərifzadə, xanəndələr Hacıbaba Hacıbababəyov, Mirzə Məmməd Həsən, Yavər Kələntərli, tarizən Hacı Məmmədov, yazıçı Əzizə Cəfərzadə və başqaları Azərbaycan mədəniyyətinə böyük incilər bəxş etmişlər.

Azərbaycan aşıq sənətinin inkişafında Aşıq İbrahim Əngəxaranlı, aşıq Mirzə Bilal, aşıq Şakir, aşıq Məmmədağa, aşıq Abbas, aşıq Hacalı, aşıq Soltanmurad, aşıq Barat, aşıq Xanışın böyük xidmətləri vardır.

Bu gün bu ənənələr tanınmış incəsənət xadimləri Alim Qasımov, Mələkxanım Əyyubova, Zabit Nəbizadə, Nazpəri Dostəliyeva, Elnarə Abdullayeva, Rasim Ələsgərov, Ağamurad İsrafilov, Şirzad Fətəliyev, Abgül Mirzəliyev, Mirələm Mirələmov, yazıçı Elxan Elatlı və başqaları tərəfindən uğurla davam etdirilir.

Hazırda rayonda Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Parkı, Tarix Diyarşünaslıq muzeyi, Mirzə Ələkbər Sabirin ev muzeyi, Dövlət Rəsm qalereyası, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi, 1 mərkəzi kitabxana, 2 şəhər, 37 kənd kitabxana filialı, 1 rayon Mədəniyyət Mərkəzi, 6 folklor evi, 1 sənətkarlıq evi, 7 diyarşünaslıq klubu, 11 folklor klubu, 6 sənətkarlıq klubu fəaliyyət göstərir. Rayon ərazisində 1 dünya, 23 ölkə, 47 yerli əhəmiyyətli abidə dövlət qeydiyyatına götürülmüşdür. 22 abidə yeni aşkar olunmuşdur.

 

Heydər Əliyev Parkı

Heydər Əliyev Parkının ərazisi 4.5 ha-dır. Heydər Əliyevin abidəsi parkın ərazisində yerləşir. Parkda 5 gözlü fəvvarə, 270 yerlik yay-konsert meydançası, uşaq əyləncə mərkəzi və kafe faliyyət göstərir. Parkın ərazisi tamamilə yaşıllaşdırılmışdır. Yaz-yay aylarında parkda müntəzəm mədəni kütləvi tədbirlər keçirilir.

 

Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi

Şamaxı rayonunda musiqi və incəsənətin daha da inkişaf etdirilməsi məqsədilə Heydər Əliyev Fondu tərəfindən Şamaxı şəhərinin mərkəzində müasir tələblərə cavab verən möhtəşəm İncəsənət Təhsili Mərkəzinin binası inşa edilmişdir.  Mərkəz binasının tikinti hissəsi 3264 kvadrat metr, ümumi sahəsi 4100 kvadrat metr təşkil edir. Bina üç mərtəbədən, 57 otaqdan, 170 nəfərlik konsert zalından, kiçik konsert salonu, rəqs zalından və bir neçə yardımçı otaqlardan ibarətdir. Burada 111 müəllim, 18 texniki işçi çalışır və 517 nəfərlik şagird təhsil alır.

Mərkəz bütünlüklə invertar-avadanlıqları, musiqi alətləri ilə təchiz edilmiş və burada şagirdlərin rəsm, xoreoqrafiya və musiqi təhsili almaqları üçün hər bir şərait yaradılmışdır.

2013-cü il mayın 16-da Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin binasının açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

Mərkəzdə xalq çalğı alətləri orkestrı, nağaraçalanlar ansamblı, xor kollektivi, rəqs qrupları və rəssamlıq şöbəsi fəaliyyət göstərir. Adı çəkilən kollektivlər həm rayon səviyyəli, həmçinin respublika miqyaslı tədbirlərdə müvəffəqiyyətlə çıxış edir. Mərkəz ənənəvi olaraq hər ilin may ayında Ümümmilli lider Heydər Əliyevin anadan olması münasibətilə hesabat rəsm sərgisi və konsertini Bakı şəhəri R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirir.

 

Mirzə Ələkbər Sabirin ev muzeyi

Şamaxı şəhərində yerləşən Mirzə Ələkbər Sabirin ev muzeyi 1962-ci ildə şairin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil olunmuşdur. Muzeyin yaradılmasında və fəaliyyətində Şamaxı ziyalılarından Ə.Səfərovanın, A.Alcanovun, M.Namazovun, M.Məmmədovun, İ.Quliyevanın, R.Xəlilzadənin və başqalarının əməyi çox olmuşdur.

Muzeyin yerləşdiyi hazırki ikimərtəbəli bina 1979-cu ildə tikilib istifadəyə verilmişdir. Muzeyin 6 sərgi salonu vardır. Birinci sərgi salonunda M.Ə.Sabirin uşaqlıq, təhsil illərinə, səyahətlərinə aid eksponatlar və şairin sabun bişirdiyi tianın maketi nümayiş olunur. Digər salonlarda XIX-XX əsrlərə aid məişət əşyaları, muzeyə verilən hədiyyələr, Sabirin müasirlərinin şəkilləri, tədqiqatçılarının əsərləri, “Molla Nəsrəddin” jurnalının nümunələri və s. eksponatlar tamaşaçılara təqdim edilir.

 

Şamaxı Tarix-Diyarşünaslıq muzeyi

S.Ə.Şirvani adına Tarix-Diyarşünaslıq muzeyi 1945-ci ildə Şamaxı Ölkəşünaslıq Muzeyi adı ilə təşkil edilmişdir. Muzeyin ilk rəhbəri filoloq-alim Bilal İbrahimov olmuşdur. Həmin vaxtı muzeyə xeyli sayda eksponatlar toplanmış, 1948-ci ildə ekspozisiya tərtib edilmişdir. Sonralar muzeyə eksponatların cəlb edilməsində bütün Şamaxı ziyalıları yaxından iştirak etmişdir.

1950-2010-cu illərdə Şamaxıda arxeoloji tədqiqat aparan arxeloqlar – Cabbar Xəlilov, Hüseyn Ciddi, Aləm Nuriyev, Şirzad Əhmədov muzeyə xeyli sayda arxeoloji materiallar vermişlər. Hazırda muzey 9700-dən çox eksponota malikdir.

Muzeyin foyesində Şamaxı kəndləri və onun tanınmış insanları haqqında məlumat bazası yaradılmışdır. Zəngin flora-fauna, Astrofizika Rəsədxanası, palçıq vulkanları haqqında məlumat və eksponatlar muzeyin Diyarşünaslıq zalında nümayiş etdirilir.

Orta əsr Şamaxı şəhərinin Avropalı səyyah-rəssamları tərəfindən çəkilmiş rəsmlərinin reproduksiyası ekspozisiyanın ən maraqlı yerlərindədir. Muzeyin “Şamaxı qədim dövrdə”, “Şamaxı Şirvanşahlar dövlətinin mərkəzi”, “Şirvan çar Rusiyası dövründə”, “Şirvan Xalq Cumhuriyyəti dövründə”, “Şamaxı sovet dövründə”, “Şamaxı müstəqillik dövründə” adlı bölmələrdə də zəngin eksponatlar yerləşdirilmişdir.

Muzey 2009-cu ilin noyabr ayında əsaslı təmir edilmişdir. Muzeyin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

 

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Şamaxı rayonunda ilk kitabxana 1920-ci ildə yaranmışdır. Elə o vaxtdan Mirzə Ələkbər Sabirin adını daşıyır. 1990-cı ildə Kitabxana indiki yeni binaya köçürülmüşdür. 1979-cu ildən kitabxanalar mərkəzləşdirilmiş sistemdə birləşir. MKS-nin nəzdində 6 şöbə - oxuculara xidmət, komplektləşdirmə və kitab işləmə, kitabxana biblioqrafiya – işlərin avtomatlaşdırılması, informasiya-resurs, metodika və biblioqrafiya və uşaq şöbəsi fəaliyyət göstərir. Şamaxı MKS özündə 40 kitabxananı birləşdirir. Buraya 1 mərkəzi, 2 şəhər filialı və 37 kənd kitabxanası daxildir. Şamaxı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində kitabxana işi təşkil olunarkən kitab təbliği oxucu marağının öyrənilməsi və artırılması daim diqqət mərkəzində olur. Bununla yanaşı il ərzində dövlət siyasətinin və milli mənəvi dəyərlərimizin təbliği əsas amil kimi kitabxana işinin əsas və ayrılmaz hissəsi olmuşdur. MKS-də fəaliyyət göstərən bütün kütləvi kitabxanalarda respublikamızda baş verən ictimai-siyasi, iqtisadi yeniliklər təbliğatın əyani və şifahi formaları ilə oxuculara çatdırılır, mövcud kitab fondu onların ixtiyarına verilmişdir. Respublika Prezidentinin 12 yanvar 2004-cü il tarixli, 56 saylı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam kitabxanaların latın qrafikalı ədəbiyyatla komplekləşdirilməsində, oxucu sorğularının tam və dolğun ödənilməsində çox böyük rol oynayır. 2004-cü ildən bu günə qədər Sərəncamla əlaqədar kitabxanalarımıza 61749 nüsxə kitab hədiyyə olunmuşdur. Alınmış yeni kitablar haqqında oxuculara məlumat vermək məqsədilə sərgilər təşkil olunmuş, təqdimat mərasimləri keçirilmişdir. Hal-hazırda MKS-nin kitab fondu 398707 nüsxə, oxucu sayı 31213 nəfər, kitab verilişi isə 648686 nüsxədir. 398707 nüsxə kitab fondunun 71338 nüsxəsi latın, 285687 nüsxəsi kiril, 41682 nüsxəsi isə rus dilində ədəbiyyatdır.

Keçidlər