Elan
Fövqəladə Hallar Nazirliyinin istirahət üçün təbiətə üz tutan vətəndaşlara müraciəti!
Qızmar yay günlərində əhali xüsusən həftəsonu istirahət məqsədilə kütləvi şəkildə təbiət qoynuna üz tutur, meşə və meşəətrafı ərazilərdə, o cümlədən ağaclıq sahələrdə sərinlənməyə üstünlük verir. Bu zaman bəzi insanların yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və ya məsuliyyətsizliyi sonda yanğınların baş verməsinə səbəb olur, acı nəticələrə gətirib çıxarır. Havanın hazırda müşahidə olunan yüksək temperaturu isə kiçik bir alovun qısa müddətdə böyük yanğına çevrilmə riskini xeyli artırır.
Qeyd olunanlarla bağlı xüsusilə qarşıdan gələn həftəsonunda insanların şəhər kənarına, meşə və meşəətrafı ərazilərə gözlənilən kütləvi səfərlərini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhalini yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Nəzərə alınmalıdır ki, təbiət qoynunda istirahət zamanı yanar mayelərlə islanmış materialların, eləcə də şüşə qab və şüşə qırıntılarının, tam söndürülməmiş siqaret kötüyü və kibritin yerə atılması, ətrafın zibillənməsi, meşə sahələrində ocaq yandırılması tamamilə yolverilməz olmaqla açıq ərazilərdə baş verən yanğınların əsas səbəblərindəndir.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!