Şamaxı rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı və emalı təşkil edir. Ümummilli lidermiz Heydər Əliyevin rəhbərliyi ilə 1993-1996-cı illərdə aparılmış məqsədyönlü siyasət və həyata keçirilmiş sistemli tədbirlər nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunmuşdur ki, bu da iqtisadi islahatların həyata keçirilməsi üçün möhkəm əsas formalaşdırmışdır.
Hal-hazırkı dövrdə Şamaxı respublikamızın iqtisadi cəhətdən sürətlə inkişaf etməkdə olan rayonlarındandır.
KƏND TƏSƏRRÜFATI
Şamaxı rayonunda əhalinin əsas fəaliyyət sahəsi kənd təsərrüfatıdır. Rayon üzrə torpaq islahatları başa çatdırılmış və torpaqlar kənd sakinlərinə paylanmışdır. 2020-ci ildə rayonda istehsal edilmiş kənd təsərrüfatı məhsullarının həcmi 73,7 mln. manat olmuşdur.
Rayon əhalinin əksər hissəsi bitkiçilik və heyvandarlıqla məşğul olur. Bitkiçilikdə taxıl, kartof, tərəvəz, bostan bitkiləri, üzüm və meyvə məhsulları istehsalı üstünlük təşkil edir. Rayon üzümlükləri ilə vaxtilə böyük şöhrət qazanmışdır. Üzümçülük əsasən dəmyə xarakteri daşıyır. Keçən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Hazırda bu sahənin inkişafına xüsusi diqqət göstərilir. Bu baxımdan dövlətimizin başçısının tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın bu sahənin yenidən dirçəldilməsində mühüm rolu olmuşdur. Hazırda rayonumuzda üzüm bağlarının sahəsi 1837 hektara çatdırılmışdır. Yeni üzüm bağlarının salınması işi davam etdirilir.
Rayonun hər yerində dənli bitkilər əkilir. Son illər taxıl əkinlərinin sahəsi xeyli genişləndirilmişdir. Əsasən, buğda əkinləri üstünlük təşkil edir. 2020-ci ilin məhsulu üçün əkilmiş dənlilərin 20699 hektarı yığılmış, 39373 ton məhsul istehsal olunmuşdur. Hər hektardan məhsuldarlıq 19,0 sentner olmuşdur.
Ölkəmizdə ərzaq bolluğunu yaratmaq və rayona investisiyanın cəlbedilməsi məqsədi ilə rayon ərazisində yaradılmış aqroparklarda xeyli işlər görülmüşdür.
- 42 525,6ha-da (Şamaxı 14890,4ha) “Pasha Holding”in aqroparkı yaradılmış, 11,5 min tonluq taxıl anbarı inşa edilmiş, 7000ha sahədə “pivot” suvarma sistemi quraşdırılmış, 94 ədəd texnika-aqreqat alınmış, 23330ha-dan 23514,7 ton (10,1 sent/ha) buğda, 1670ha-dan 2,843 ton (17,7 sent/ha) arpa istehsal edilmiş. Cari ilin yazında 138ha sahədə yonca, 246ha sahədə şəkər çuğunduru və 67ha sahədə qarğıdalı əkilmişdir;
- 4348,6ha-da (Şamaxı 2723ha) “Azərsun Holdinq” MMC-nin aqroparkı yaradılmış, 2600ha sahədə “pivot”, 100ha sahədə “damlama” suvarma sistemi quraşdırılmış, 130 ədəd texnika-aqreqat alınmış, 2000 başlıq heyvandarlıq kompleksi inşa edilmiş, 1599ha-dan 4517 ton (28,2 sent/ha) buğda, 1467ha-dan 3485 ton (23,8 sent/ha) arpa, 1942ha qarğıdalı, cari ilin yazında 178,8ha sahədə yonca və 256,8ha sahədə şəkər çuğunduru əkilmişdir;
- 1495ha-da “Aqro Fresh” MMC-nin aqroparkı yaradılmış, ilkin mərhələdə 500ha sahədə “pivot” suvarma sisteminin quraşdırılması nəzərdə tutulmuşdur.
Dağlıq sahələrdə yerli istehlak xarakteri daşıyan kartofçuluqla da məşğul olurlar. Tərəvəz-bostan məhsulları istehsalı da yerli istehlak xarakteri daşıyır.
Heyvandarlıq da rayon iqtisadiyyatında aparıcı sahələrdən birini təşkil edir. Rayonun yay və qış otlaqlarında qoyunçuluq və maldarlıq inkişaf etdirilmişdir. Bu baxımdan heyvanların sayı və heyvandarlıq məhsulları istehsalının həcmi də ilbəil artır. Quşçuluq və arıçılıq da inkişaf etdirilmişdir.
2003-cü ildən etibarən aqrar sahədəki artım sürətlə inkişaf etməkdədir. 2020-ci ildə iri buynuzlu mal-qaranın sayı 29245 başa, xırda buynuzlu heyvanların sayı 125328 başa, quşların sayı 217932 başa, arı ailələrinin sayı 14773 başa çatdırılmışdır. 2020-ci ilin ötən dövrü ərzində ət istehsalı 4197 ton, süd istehsalı 33256,4 ton, yumurta istehsalı 21527 min ədəd olmuşdur.
Rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, dövlət tərəfindən bu sahəyə hərtərəfli dəstəyin göstərilməsi xüsusi diqqət mərkəzində olmuşdur. 2003-cü ildən 2020-ci ilin birinci yarısınadək Sahibkarlığa Kömək Milli Fondun tərəfindən kənd təsərrüfatının inkişafı məqsədilə aqrar sektorda çalışan 405 sahibkara 23141,3 min manat məbləğində güzəştli kreditlər verilmiş, bunun nəticəsində rayonda 1411 yeni iş yeri yaradılmışdır.
Respublikamızda kənd təsərrüfatı sahəsində ciddi islahatların aparılması, xüsusilə kənd əməkçilərinə dövlət qayğısının artırılması bu sahənin geniş potensiala malik olduğunu sübut etmişdir. Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli 181 nömrəli və 15 fevral 2007-ci il tarixli 32 nömrəli qərarlarına uyğun olaraq 2020-ci ilin məhsulu üçün 2019-cu ilin payızında rayon üzrə 30570 hektar sahədə aparılan buğda və çəltik səpininə görə, habelə sərf olunan yanacaq və motor yağlarına görə istehsalçılara 1 563,7 min manat yardım verilmişdir.
BANKLAR
Sahibkarlığın inkişafı, bank-maliyyə işinin daha da təkmilləşdirilməsi məqsədi ilə rayonda “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank”, “AGBank”, “Rabitəbank” və “Xalq Bank”ın filialları fəaliyyət göstərir. Bu filiallar fiziki və hüquqi şəxlərin pul vəsaitlərinin depozitə cəlb etmək, həmin vəsaiti müddətlilik və faizlə geri qaytarmaq, fiziki və hüquqi şəxslər üçün hesablar açmaq və aparmaq, fiziki və hüquqi şəxslərə kredit vermək imkanlarına malikdir. Həmçinin onlar respublikadaxili və respublikadankənar pul köçürmələrini ikitərəfli həyata keçirir, əhalini pensiya və müavinətlə təmin edir və digər bank xidmətlərini həyata keçirirlər.
Təmir-tikinti, abadlıq işləri
2004-2008, 2009-2013 və 2014-2018-ci illər üzrə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində son illər rayonda çoxsaylı istehsal müəssisələri, həmçinin Heydər Əliyev parkı, həmin parkda Ulu Öndərin adını daşıyan Mərkəz, YAP rayon təşkilatı üçün inzibati bina, Olimpiya İdman Mərkəzi, beynəlxalq standartlara cavab verən Müalicə-Diaqnostika Mərkəzi, Vergilər Nazirliyinin Tədris Mərkəzi, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi, şəhər 1 saylı körpələr evi-uşaq bağçası, DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Şamaxı Regional şöbəsi, Xalq Bankın rayon filialı üçün inzibati bina, M.Ə.Sabirin ev muzeyi, “ASAN xidmət” mərkəzi, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Cümə Məscidi, Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq-Gənclər Şahmat Məktəbi, Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, 5 ulduzlu “Şamaxı Palace Platinum By Rixos” oteli və “Sakit Göl” istirahət mərkəzi, Dəmirçi kəndində turizm obyektləri, Bakı-Şamaxı, Şamaxı-Pirqulu-Avaxıl, Şamaxı-Çöl Göylər-Padar, Pirqulu-Dəmirçi, Dəmirçi-Lahıc avtomobil yolları tikilərək istifadəyə verilmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gənc məcburi köçkün ailələri üçün 16 mənzilli 1 yaşayış binası, Məlikçobanlı kəndində 360 şagird yerlik, Birinci Çaylı və Quşçu kəndlərinin hər birində 200, Avaxıl kəndində 160, Meysəri kəndində 132 şagird yerlik tam, Dədəgünəş kəndində 80 şagird yerlik ümumi orta məktəb binaları, Şamaxı şəhərində 100 yerlik və 110 yerlik, Şəhriyar qəsəbəsində 110 yerlik, Quşçu və Meysəri kəndlərinin 40 yerlik körpələr evi-uşaq bağçaları, Həmyəli, Birinci Çaylı, Quşçu, Mərzəndiyyə, Avaxıl, Məlhəm və Meysəri kəndlərində tibb məntəqələri inşa edilmiş, Qaleybuğurd və Saqiyan kəndlərinin hər birində 160 şagird yerlik tam orta məktəblərin, 210 şagird yerlik Şamaxı Texniki Humanitar və Təbiət Fənləri Təmayüllü liseyin binaları əsaslı təmir olunmuşdur.
1 məktəbin tikinti işləri və 2 yeni modul tipli məktəbin layihələndirimə işləri aparılır.