Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı Astrofizika Rəsədxanasında “Elm günü”nə həsr olunan növbəti tədbir keçirilmişdir

18 mart 2019 | 16:00

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə “Elm günü”nə həsr olunan növbəti tədbir keçirilmişdir.

Tədbiri direktor, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq Prezident cənab İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-sinin Azərbaycanda “Elm günü” kimi təsis edilməsinin elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını söyləmişdir. Bildirmişdir ki, bu cür tədbirlərin keçirilməsi gənc nəsildə elmə olan marağın artmasına və onların gələcəkdə mütəxəssis kimi yetişməsinə müsbət təsir göstərəcək.

ADPU-nun Şamaxı filialının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Tünzalə Yusifova ölkə rəhbərinin hər zaman elmə, təhsilə böyük diqqət və qayğı göstərdiyini diqqətə çatdırmışdır.

Sonra iştirakçılara maraqlı məruzələr təqdim edilmiş, rəsədxananın ikimetrlik teleskopu və burada yerinə yetirilən elmi-tədqiqat işləri barədə ətraflı məlumat verilmiş, suallar cavablandırılmışdır.

Qeyd edək ki, bu tədbir “Elm günü” çərçivəsində rəsədxananın təşkilatçılığı ilə keçirilən üçüncü tədbirdir. Belə ki, fevralın 19-da Tusi-Bohm Planetariumda “Super Moon” adlı tədbir, martın 8-dən 10-dək isə ölkənin aparıcı ali təhsil müəssisələrinin tələbələri üçün “Astronomiya qış məktəbi” təşkil edilmişdir.

Xatırladaq ki, dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən bu il martın 27-də Azərbaycanda ilk dəfə “Elm günü” qeyd olunacaq. “Elm günü”nün yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tədbirlər planı hazırlamışdır. Bununla əlaqədar olaraq AMEA-nın elmi müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilmişdir.

 

Keçidlər