Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının Sabir qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü

06 noyabr 2018 | 16:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının rayonun Sabir qəsəbəsində səyyar qəbul-görüşü keçirilmişdir.

Səyyar qəbul-görüş rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinlərinin iştirakı ilə keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qəsəbə sakinlərini salamlayaraq, son illər respublikamızda qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır. Rayon rəhbəri əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.

Sonra rayonun Sabir qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramiz Məmmədov çıxış edərək qəsəbə əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat vermiş, qəsəbədə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmışdır. Bildirmişdir ki, Sabir qəsəbə İƏD üzrə nümayəndəlik eyniadlı qəsəbəni və Çıraqlı kəndini əhatə edir. Qəsəbənin əhalisi 3733 nəfər, 774 ev təsərrüfatı var. Qəsəbə əhalisinin əsas məşğuliyyəti heyvandarlıq, qismən əkinçilikdir.

Qəsəbə sakinləri onları narahat edən sosial-iqtisadi məsələlərin həlli ilə bağlı rayon rəhbərliyinə müraciət etmişlər. Çıxış edən vətəndaşlar əvvəlcə respublikada, rayonda, eləcə də qəsəbə ərazisində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışmış, o cümlədən tikinti-quruculuq işlərinin genişləndirilməsinə görə Prezident cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Daha sonra sakinlər onları narahat edən məsələləri rayon icra başçısına ünvanlayaraq qəsəbəyə su-kanalizasiya xəttinin, yeni məhəllələrə təbii qaz xəttinin çəkilməsini, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenilənməsini, qəsəbədə ixtisaslı həkim çatışmazlığının aradan qaldırılmasını və digər məsələlər ilə bağlı köməklik göstərilməsini xahiş etmişlər.

Sakinləri narahat edən məsələlər ətrafında müzakirələr aparılmış, qaldırılan məsələlərə aydınlıq gətirilmiş, onların tez bir zamanda həlli ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov tərəfindən aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Həmçinin, rayon rəhbəri idarə, müəssisə, təşkilat rəhbərləri və digər məsul şəxslərdən onlara müraciət edən hər bir vətəndaşın bu və ya digər problemlərinin daim diqqətdə saxlanmasının vacib olduğunu bir daha nəzərə çatdırmışdır.

Keçidlər