Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının rayonun Laləzar və Kərkənc kənd sakinləri ilə səyyar qəbul-görüşü

20 noyabr 2018 | 16:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının rayonun Laləzar və Kərkənc kəndində növbəti səyyar qəbul-görüşü keçirilmişdir.

Səyyar qəbul-görüş rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinlərinin iştirakı ilə keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov kənd sakinlərini salamlayaraq, son illər respublikamızda qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır. Rayon rəhbəri əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.

Kənd sakinləri onları narahat edən sosial-iqtisadi məsələlərin həlli ilə bağlı rayon rəhbərliyinə müraciət etmişlər. Çıxış edən vətəndaşlar əvvəlcə respublikada, rayonda, eləcə də kənd ərazisində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışmış, o cümlədən tikinti-quruculuq işlərinin genişləndirilməsinə görə Prezident cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Daha sonra sakinlər onları narahat edən məsələləri rayon icra başçısına ünvanlamışlar. Sakinlər kənd həkim ambulatoriyasının təmiri və ixtisaslı həkim çatışmazlığının aradan qaldırılması, modul tipli məktəbin tikintisinin tezləşdirilməsi, əhalinin ümumi istifadəsində olan örüş sahələrinin qeyri-qanuni əkilməsinin qarşının alınması, kənd təsərrüfatı məqsədilə torpaqların ayrılması, kəndə verilən təbii qazın təzyiqinin yüksəldilməsi, Kərkənc kəndinə gələn avtomobil yolunun asfaltlanması, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenilənməsi, kənddə tibb məntəqəsinin tikilməsi, poçt şöbəsinin açılması, rabitə xəttinin çəkilməsi, kənd məktəbinin idman zalının dam örtüyünün vurulması və digər məsələlər ilə bağlı köməklik göstərilməsini xahiş etmişlər.

Sakinləri narahat edən məsələlər ətrafında müzakirələr aparılmış, qaldırılan məsələlərə aydınlıq gətirilmiş, onların tez bir zamanda həlli ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov tərəfindən aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Həmçinin, rayon rəhbəri idarə, müəssisə, təşkilat rəhbərləri və digər məsul şəxslərdən onlara müraciət edən hər bir vətəndaşın bu və ya digər problemlərinin daim diqqətdə saxlanmasının vacib olduğunu bir daha nəzərə çatdırmışdır.

Keçidlər