Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilmişdir

19 oktyabr 2017 | 16:00

Oktyabr ayının 19-da Şamaxı Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində "Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdən əvvəl rayon rəhbərliyi və qonaqlar Şamaxı şəhərinin mərkəzində xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsinin önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı Asif Ağayev tədbirin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyətini qeyd edərək, ölkəmizin bütün sahələrdə daha da inkişafına, onun regionda və beynəlxalq arenada layiqli yer tutmasına təkan verən ordu quruculuğu və gənclər siyasətinin banisinin xalqımızın Ümummilli Lideri Heydər Əliyev olduğunu vurğulamışdır.
Gənclərin dövlətimizin gələcəyini, inkişafını istiqamətləndirən sivil cəmiyyətin aparıcı qüvvəsi, həmçinin əzəli torpaqları erməni qəsbkarları tərəfindən işğal edilmiş Vətənimizin cəsur keşikçiləri, düşmən sipəri olduğunu bildirərək Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, Ümummilli Liderimizin siyasi kursunun ən layiqli davamçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən həm ordu quruculuğu, həm də gənclər siyasətinin mühüm rolu olduğunu, eyni zamanda dövlətimizin başçısının rəhbərliyi ilə aparılan ardıcıl islahatlar nəticəsində yeni mərhələdə daha da inkşaf etdiyini bildirmişdir. Natiq, Azərbaycanın sabitlik və inkişafının qarantı olan vətənpərvər dövlət başçısının ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm bir mənəvi vəzifə kimi səciyyələndirmişdir.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi, polkovnik Yusif Mirzəyev ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışmış, həmçinin Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu vurğulayaraq, düşməndən qat-qat üstün olan ordumuzun doğma torpaqlarımızın keşiyində daim ayıq-sayıq dayandığına, hərb işinin sirlərinə mükəmməl yiyələndiklərinə, dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün möhkəm qorunduğuna və tezliklə işğal altında olan ərazilərimizin yağı düşməndən azad olunacağına əmin olduğunu bildirmişdir.
Sonra Yusif Mirzəyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hazırlanmış “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə” mükafatını şəhid atası Ziyatin Kaçayevə təqdim etmişdir.
Daha sonra Azərbaycan və Əfqanıstan müharibəsi Veteranları İctimai Birliyini sədri Məhəmməd Vəliyev və Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli çıxış edərək gənclərin Vətənimizin müdafiəsi, qədim tariximizin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində fəal iştirak etdiyini, mədəniyyət, idman, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanaraq, dövlətçilik ənənələrini daim uca tutduğunu, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak etdiyini və dövlətimizin onlara verdiyi stimul nəticəsində öz potensiallarından səmərəli istifadə edərək və dövlətimizin başçısının ətrafında sıx birləşərək ölkəmizin daha dinamik inkişafı istiqamətində bundan sonra da Vətənə ləyaqətlə xidmət edəcəklərinə əmin olduqlarını bildiriblər.
Tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda yazılmış mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlı konsert proqramı ilə çıxış etmişdir.
Sonda müharibə veteranlarına və hərbi hazırlıq fənnində yüksək nailiyyət qazanmış şagirdlərə fəxri fərman və mükafatlar təqdim edilib.
Tədbirdə rayon rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və xidmətin Şamaxı rayon idarəsinin şəxsi heyəti, şəhid ailələri, Qarabağ Müharibəsi veteranları və hərbi xidmətə çağırış yaşlı gənclər iştirak etmişdir.

Keçidlər