Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı və İsrailin Tirat Karmel şəhərləri arasında dostluq haqqında müqavilə imzalanmışdır

05 sentyabr 2017 | 16:00

Sentyabrın 5-də Heydər Əliyev Mərkəzində Azərbaycanın Şamaxı və İsrailin Tirat Karmel şəhərləri arasında dostluq haqqında müqavilənin imzalanması mərasimi keçirilmişdir.      

Ötən gün Şamaxıya gələn İsrailin Tirat Karmel şəhərinin meri Ariye Talın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın bu tarixi şəhəri ilə tanış olmuşdur.           

Əvvəlcə qonaqlar ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoymuş, Heydər Əliyev Mərkəzini ziyarət etmişdir.       

  Tədbirdə rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Tirat Karmel şəhərindən gələn nümayəndələrə Şamaxının coğrafi mövqeyi, tarixi, sosial-iqtisadi həyatı, turizm imkanları barədə məlumat vermişdir. Dostluq haqqında müqavilənin qardaşlaşma üçün xüsusi önəm daşıdığını bildirən icra başçısı iki şəhər arasında əlaqələrin sıx olacağına, qarşılıqlı təcrübənin öyrənilməsi istiqamətində mütəmadi olaraq görüşlərin keçiriləcəyinə əmin olduğunu vurğulamışdır.          

İsrailin Azərbaycandakı səfirinin müavini Avital Ayzenberq, Şulami Mərkəzinin rəhbəri, “Az-İz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının Direktorlar Şurasının üzvü Şaul Siman Tov, assosiasiyanın baş direktoru Lev Spivak və başqaları Azərbaycan-İsrail əlaqələrindən danışmış, münasibətlərin dostluq prinsipləri üzərində qurulduğunu söyləmişlər.    

Şamaxı ilə tanışlıqdan məmnun qaldıqlarını bildirən israilli qonaqlar bu əlaqələrin ölkələrimiz arasında tarixən formalaşan dostluq münasibətlərinə töhfə verəcəyini vurğulamışlar.       

Müqaviləni Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və İsrailin Tirat Karmel şəhərinin meri Ariye Tal imzalamışdır.   

Qonaqlar “Aqro” MMC-nin Meysəri kəndindəki şərab zavodunda və üzüm plantasiyalarında, həmçinin Şamaxı Cümə məscidində, Tarix-Diyarşünaslıq muzeyində və AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında olmuşlar.

Keçidlər