Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxının Quşçu kəndində yeni artezian quyusu qazılıb

31 iyul 2017 | 16:00

Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Şamaxı rayonunun Quşçu kəndində “Quşçu kəndinin su təchizatı sisteminin tikintisi” layihəsinin açılışı olmuşdur.
İyulun 31-də təşkil olunan mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Ağayev son illər rayonda həyata keçirilən sosial layihələrdən danışmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə on dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Göylər-Quşçu avtomobil yolunun da tikintisinə başlanıldığını bildirən rayon rəhbəri zəngin tarixi keçmişə və füsunkar təbiətə malik Şamaxıda bu gün çoxsaylı layihələrin icra edildiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, bu il su çətinliyi olan Çarhan və Göylər kəndlərində də artezian quyularının istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Milli Məclisin deputatı Elxan Süleymanov çıxışında Yaponiya hökumətinin bölgələrdə, o cümlədən Şamaxıda həyata keçirdiyi qrant layihələrindən danışmışdır.
Açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori çıxış edərək, respublikamızın bir sıra ərazilərində içməli su resurslarının az olduğunu söyləmiş, bölgələrdə bu istiqamətdə layihələrə diqqətlə yanaşdıqlarını bildirmişdir. Vurğulamışdır ki, Şamaxıda su təchizatı ilə bağlı 2009-cu ildə Məlikçobanlı kəndində də layihə həyata keçirilmişdir. Ümumiyyətlə, məktəb tikintisi və təmiri ilə birlikdə rayonda 4 layihə reallaşmışdır.
Qeyd olunmuşdur ki, “Quşçu kəndinin su təchizatı sisteminin tikintisi” layihəsi üzrə qrant müqaviləsi Yaponiyanın Azərbaycandakı səfirliyi ilə “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi” Qeyri-Hökumət Təşkilatı arasında imzalanmışdır. Layihə çərçivəsində 150 metr dərinlikdə artezian quyusu qazılmaqla, 1,8 kilometr su borusu, 2 su çəni və 3 su bulağından ibarət yeni su təchizatı sistemi tikilmişdir ki, bu da yerli sakinlərin su ehtiyacının ödənilməsinə imkan yaratmışdır. Bu layihədən 2200 nəfər sakinin faydalanacağı gözlənilir. Layihənin ümumi məbləği 82 min 930 ABŞ dolları təşkil edir.
Tədbirdə çıxış edən ağsaqqallar, kənd sakinləri layihənin reallaşması ilə kəndin içməli su təchizatında mövcud çətinliklərin aradan qaldırılacağından danışmış, su təchizatı, kəndə gələn avtomobil yolunun tikintisi və bütünlükdə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərə, əhaliyə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildirmişlər.

 

Keçidlər