Şriftin ölçüsü :

Saytın rəngi :

Bilik Fondunun “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə Şamaxı rayonunda mühazirələr təşkil olunmuşdur

09 iyun 2017 | 16:00

İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə Şamaxı rayonunun ictimaiyyəti üçün “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında mühazirələr təşkil olunmuşdur.
Şamaxı şəhər Heydər Əliyev Mərkəzi və AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında rayon İcra Hakimiyyəti və Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən mühazirədə yerli ictimaiyyətin nümayəndələri – ağsaqqallar, ziyalılar və gənclər iştirak etmişlər.
Tədbirləri giriş sözü ilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov açaraq ölkədə aparılan sosial-iqtisadi islahatlardan danışmışdır. Natiq bugünkü qüdrətli Azərbaycan Respublikasının milli və dövlətçilik baxımından maraqlarına yüksək səviyyədə cavab verən siyasi strategiyanın əsas istiqamətlərini Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyini diqqətə çatdırmış, həmin siyasi xəttin hazırda Prezident cənab İlham Əliyev tərəfindən inamla davam etdirildiyini vurğulamışdır.
Tədbirlərdə Milli Məclisin üzvü, professor Elman Nəsirov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, professor Əlikram Abdullayev məruzə etmişlər. Məruzələrdə son illər aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkədə müşahidə olunan yüksək inkişaf tempindən bəhs edilmiş, vurğulanmışdır ki, gerçəkləşdirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın yenidən qurulması və davamlı inkişafı üçün şərait yaratmışdır.

Keçidlər