Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının təsis edilməsinin 30 illiyi ilə əlaqədar tədbir keçirilib
Martın 17-də Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının təsis edilməsinin 30 illiyi ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Şamaxı şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin məzarı önünə gül dəstələri düzüblər. Sonra Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib abidənin önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasında keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı qeyd edib ki, partiyanın yaradılmasından ötən 30 illik zaman dünənimizə baxış fonunda bu günümüzün reallıqlarının təhlili və onların əsasında perspektivlərin müəyyənləşdirilməsi baxımından zəngin bir dövrdür. Yeni Azərbaycan Partiyasının yaradılmasının səbəbi xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə müraciətinin adında özünün aydın ifadəsini tapır. O zaman ölkədə xaos, anarxiya, özbaşınalıqlar hökm sürür, iqtisadi böhran tüğyan edirdi. Xalqın sabaha ümidləri tamamilə itmişdi. Belə bir çətin dövrdə Azərbaycan ziyalıları Yeni Azərbaycan Partiyasının yaradılması və ona rəhbərliyi dahi şəxsiyyət Heydər Əliyevin etməsi ilə bağlı ümummilli liderə müraciət etdilər. Şübhəsiz ki, Vətənini, xalqını canından artıq sevən, hər zaman Azərbaycanın gələcəyi barədə düşünən ulu öndər Heydər Əliyev xalqın yaşadığı çətin vəziyyətə biganə qala bilməzdi. Təsis konfransını məlum səbəblərdən Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası yaradılmasından çox keçmədi ki, iqtidar partiyasına çevrildi. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələ başladı.
Sonra Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının xalqımızın taleyində müstəsna rolu var, Azərbaycan Respublikasının ikinci dəfə əldə etdiyi müstəqilliyin qorunub saxlanması, onun inkişaf edərək qabaqcıl ölkələr sırasına çıxması, getdikcə qloballaşan dünyanın bütün çağırışlarına adekvat cavab verməsi, davamlı və dinamik inkişafa nail olmaqla bölgədə yüksək nüfuz sahibinə çevrilməsi Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır. Bu da belə bir möhtəşəm siyasi qüvvənin yaradılması təşəbbüsünü və məsuliyyətini öz üzərinə götürən Ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən biridir.
Tədbirdə çıxış edən Yeni Azərbayan Partiyasının İdarə Heyyətinin üzvü Asif Əsgərli bildirib ki, xalqı arxasınca aparmağa qadir, insanlarda inam yarada biləcək siyasi partiyanın təsis olunmasına və həmin təşkilata dövlət idarəçiliyində böyük təcrübəsi olan şəxsiyyətin rəhbərlik etməsinə böyük ehtiyac yarandığı bir dövrdə Ulu Öndərin yüksək nüfuzu, xalqın ona böyük inam, etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl uğurlar qazanmasını təmin edən əsas amil oldu.
Daha sonra Bəxtiyar Abbasov, Mayıl Alıcanov, Ağarza Bayramov, Eybalı Ağayev, Xudaverdi Lazımov, İslam Novruzov, Seyran Alcanov, Nəzakət Abdulrazaqova, İlham Vəliyev, Nəsimi Abdullayev və Soltan Osmanov çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyasının yaranması və Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi.
Tədbirin sonunda iştirakçılara hədiyyələr təqdim olunub, onlarla xatirə şəkli çəkilib.