YAP Mərkəzi Aparatı tərəfindən jurnalistlər arasında elan olunan fərdi yazı müsabiqəsinin nəticələrinə həsr edilmiş tədbir keçirilib
Noyabrın 18-də Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasının 30-cu ildönümü ilə əlaqədar YAP Mərkəzi Aparatı tərəfindən jurnalistlər arasında elan olunan fərdi yazı müsabiqəsinin nəticələrinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdən əvvəl iştirakçılar Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında müasir və müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbirdə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov noyabr ayının əlamətdar hadisələrlə zəngin olduğunu bildirib. 8 Noyabr - Zəfər Gününün əhəmiyyətindən bəhs edən YAP Sədrinin müavini deyib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Zəfərin qazanılmasında müstəsna rolu olan və böyük şücaət göstərmiş qəhrəman Vətən övladlarını Azərbaycan xalqı heç zaman unutmayacaq, bu yolda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini daim böyük ehtiramla yad edəcək. Tahir Budaqov bildirib ki, Şanlı Qələbəyə gedən yol xalqın iradəsi ilə güclü lider və dahi şəxsiyyətin – ulu öndər Heydər Əliyevin ətrafında Yeni Azərbaycan Partiyasının yaradılması ilə başladı: “30 il əvvəl yaradılan Yeni Azərbaycan Partiyası o dövrdə respublikamızda siyasi sistemin formalaşmasında və inkişafında müstəsna rol oynadı, eləcə də demokratik proseslərin, sivil siyasi mübarizənin əsasını qoydu. Partiyamızın yarandığı gündən bir neçə ay sonra xalqın etimadı ilə hakimiyyətə gəlməsi isə dünya siyasi tarixində nadir hadisələrdən biridir."
Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirildiyini vurğulayan Tahir Budaqov fərdi yazı müsabiqəsinin önəmindən bəhs edib: “Təqdim olunmuş məqalələrdə müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol, ulu öndər Heydər Əliyevin tarixi missiyası və xalqımız qarşısındakı misilsiz xidmətləri, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, partiyamızın inkişaf yolu geniş əks olunub. Qərəzsiz mövqe ortaya qoymaq hər bir vətəndaş kimi jurnalistlərin də borcudur. Bu, dövlətçilik qarşısında xidmətin bir nümunəsidir. Mətbuat dünyada “dördüncü hakimiyyət” hesab olunur. Çünki ictimai rəyin formalaşmasında kütləvi informasiya vasitələrinin mühüm rolu var. Ona görə də mətbuatın fəaliyyətində milli maraqlar daim öndə olmalıdır”.
YAP Mərkəzi Aparatının rəhbəri müsabiqədə qalib olan jurnalistləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə mətbuatın cəmiyyətin inkişafındakı rolundan danışıb.
YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov müsabiqənin nəticələri haqqında məlumat verib.
Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30-cu ildönümü ilə əlaqədar partiyanın Mərkəzi Aparatı tərəfindən jurnalistlər arasında elan olunan fərdi yazı müsabiqəsi sentyabrın 5-dən oktyabrın 7-dək davam edib. Daxil olmuş məqalələr Müsabiqə Komissiyası tərəfindən qiymətləndirilib və yekun ballara əsasən nəticələr müəyyən olunub. Müsabiqənin şərtlərində əks olunduğu kimi, bir nəfər I, iki nəfər II, üç nəfər isə III yer üzrə qalib olub. On nəfər müsabiqə iştirakçısı isə həvəsləndirici yer üzrə mükafata layiq görülüb.
Yazısı mükafata layiq görülənlər sırasında Şamaxı Rayon İcra Hakimiyyətinin "Şirvan" qəzetinin baş redaktoru Könül Məmmədovanın da olması bizim üçün olduqca sevindiricidir. Qazandığı uğura görə Könül xanımı təbrik edir, ona yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.