Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq yarışın qalibi olmuş rayon gimnastları ilə görüş
Gürcüstan, Litva və Azərbaycanın 20 bölgəsindən idmançıların iştirak etdiyi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş gimnastika hamı üçün növü üzrə 1-ci Bakı Beynəlxalq “Challenge” yarışında 46 komandadan 500-dək idmançının bir-birindən maraqlı və rəngarəng proqramları arasında Şamaxı Olimpiya Mərkəzinin gənc gimnastlarının ifası qızıl medala layiq görülüb.
Bu münasibətilə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov gənc gimnastlarla məşq etdikləri idman zalında görüşüb, onları təbrik etdi və gələcəkdə daha yüksək nailiyyətlər qazanmaqlarını arzuladı.
Şamaxı Olimpiya Mərkəzinin direktoru Səbuhi Qarayevə rayonda idmanın inkişafında, gənc gimnastların məşqçisi Tatyana Belovaya və xoreoqraf Rauf Hacıyevə rayonda gimnastika idman növünün inkişafında roluna görə təşəkkürnamələr təqdim olundu.
Məşqçilər və valideynlərlə birgə söhbət zamanı ölkəmizdə gimnastikanın uşaqlar və gənclər arasında böyük maraq doğurduğu vurğulandı və bu idman növünün rayonumuzda inkişaf etməsi üçün yaradılan şəraitə görə Azərbaycan Gimnastika Federasiyasının Prezidenti xanım Mehriban Əliyevaya minnətdarlıq ifadə olundu.