Ukraynalı uşaqlar Şamaxıya ekskursiya ediblər
Ukraynadakı vəziyyətlə əlaqədar valideyn himayəsindən məhrum olan 7-17 yaş arasında 28 uşaq onlar üçün hazırlanan mədəni proqram çərçivəsində avqustun 26-da Azərbaycanın qədim tarixə malik dilbər guşələrindən olan Şamaxıya gəlib.
Psixoloji, eyni zamanda, tibbi reabilitasiya xidmətlərinin göstərilməsi üçün Heydər Əliyev Fondunun və Səhiyyə Nazirliyinin dəstəyi ilə Bakıya gələn uşaqların Şamaxıya səfəri məhz onların gərgin psixoloji vəziyyətdən çıxarılmasına kömək məqsədilə təşkil olunub.
Ukraynalı uşaqların Şamaxı ilə tanışlığı Tarix-Diyarşünaslıq Muzeyindən başlayıb. Burada onlara Şirvanşahlar dövləti, tarixi şəxsiyyətlər, insanların həyat tərzi, maddi-mədəniyyət nümunələri, tarixi abidələri barədə zəngin məlumat verilib.
Nahardan və istirahətdən sonra Şamaxı Safari parkına gəzinti təşkil olunub. Parkla tanışlıq ukraynalı uşaqlar üçün xüsusilə maraqlı keçib. Bildirilib ki, 1040 hektar ərazisi olan Safari parkında 10 növ heyvan var və onların sayı ilbəil artır.
Bakı-Şamaxı-Muğanlı yolunun üstündəki “Abqora” restoranındakı gözəl xidmət, burada 14 yaşı tamam olan Andrey Zaliknyukun ad gününün qeyd olunması uşaqlarda xüsusilə xoş əhval-ruhiyyə yaratdı.
Ukraynalı qonaqlar günün sonunda Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında olublar. Teleskopla ən yaxşı müşahidə dövrlərinin iyul-avqust aylarında olduğu vurğulanıb. Rəsədxananın fəaliyyəti çərçivəsində qalaktikaların, ulduzların, planetar dumanlıqların, Günəşin, planetlərin və kometaların müşahidəsi aparılır.
Günəş sisteminin 2-ci böyük planeti olan Saturnun teleskopla müşahidə edilməsi uşaqlar tərəfindən maraqla qarşılanıb.
Ukraynalı uşaqlar Şamaxı ilə tanışlıqlarının ikinci günündə Dəmirçiyə gəlib, yerli sənətkarların sexlərini gəzib, onların əl işlərinə - müxtəlif geyim, məişət və bəzək əşyalarına heyranlıqla tamaşa ediblər. 1918–ci ildən fəaliyyətə başlayan Dəmirçi Arxeologiya Muzeyindəki III-IV əsrlərə aid maddi-mədəniyyət nümunələri daha çox diqqət çəkib.
Sonra uşaqların Alpaka fermasına səfəri təşkil olunub. Bir saatdan çox heyvanlarla əylənən, onları həvəslə yemləyən uşaqlara Alpaka fermasında hədiyyələr də təqdim olunub.
Uşaqların tarixi Şamaxı Cümə məscidi ilə tanışlığı da maraqlı keçib. Onlara məscidin tarixi, burada aparılan restavrasiya işləri barədə məlumat verilib.
Şamaxı ilə tanışlıq ukraynalı uşaqlarda xoş təəssüratlar yaradıb.