Şriftin ölçüsü :

Saytın rəngi :

Türk Dövlətləri Təşkilatının Turizm üzrə İşçi Qrupu Şamaxıda toplanıb

23 may 2022 | 16:18

Mayın 23-də Şamaxı şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Turizm üzrə İşçi Qrupunun 17-ci iclası işə başlayıb.

Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin mayın 24-də keçiriləcək görüşü çərçivəsində keçirilən tədbirin gündəliyinə təşkilata üzv və müşahidəçi dövlətlərin iri şəhərləri arasında birbaşa uçuş sayının artırılması, bilik və təcrübə mübadiləsi əsasında tarixi İpək Yolunun turizm potensialının istifadə edilməsi, “Müasir İpək Yolu Birgə Turu”nun və “Türk Dünyası Turizm Paytaxtı” layihələrinin həyata keçirilməsi, qış turizmi üzrə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər daxildir.

İclasda BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindən həyata keçirilən layihənin analoqu olaraq türk dövlətlərinin “Ən Yaxşı Turizm Kəndləri” təşəbbüsü, turizm əhəmiyyətli ortaq mədəni irs elementlərini özündə birləşdirən İpək Yolu transmilli və seriya nominasiyası üzrə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi üçün birgə müraciətin hazırlanması üzrə tərəfdaşlıqla bağlı müzakirələr aparılır.

Gündəliyə, həmçinin “Türk Dünyası Turizm Paytaxtı haqqında Əsasnamə”nin yekunlaşdırılması, “TDT-nin Turizm üzrə Yol Xəritəsi”nin tamamlanması və digər məsələlər daxil edilib.

Tədbirə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Macarıstandan turizm siyasətini həyata keçirən dövlət qurumlarının təmsilçiləri və turizm üzrə mütəxəssislər qatılıb.

TDT-nin Baş Katibliyinin iştirakı ilə keçirilən iclasda üzv dövlətlər arasında turizm əlaqələrinin inkişaf etdirilməsi üçün birgə turizm məhsullarının yaradılması və təbliğat tədbirlərinin gücləndirilməsi məqsədilə görüləcək işlər barədə razılaşmalar əldə edilib.

İşçi qrupun iclasının gündəliyində müzakirə olunan “Türk Dünyası Turizm Paytaxtı” layihəsinə əsasən 2022-ci il üçün Şamaxı şəhəri “Türk Dünyası Turizm Paytaxtı” seçilməsi təklif edilib.

İclasda, həmçinin TDT-nin Turizm üzrə İşçi Qrupunun 18-ci iclasının yerinin və tarixinin müəyyən edilməsi müzakirə edilib.

İşçi qrupun görüşünün yekunu olaraq razılaşdırılmış protokol imzalanmaq üçün mayın 24-də Şamaxıda keçiriləcək TDT-yə üzv dövlətlərin turizm nazirlərinin 7-ci görüşünə təqdim ediləcək.

Dövlət Turizm Agentliyi və TDT-nin birgə əməkdaşlığı ilə keçirilən nazirlərin görüşündə TDT-yə üzv və müşahidəçi dövlətlərdən turizm nazirləri, dövlət rəsmiləri, turizm sahəsi üzrə ekspertlər və diplomatik nümayəndəliklərin nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, TDT-nin turizm üzrə işçi qrupu təşkilatın 2013-cü ildə dövlət başçılarının iştirakı ilə Qəbələdə keçirilən üçüncü Zirvə Görüşü çərçivəsində yaradılıb.

Keçidlər