Şriftin ölçüsü :

Saytın rəngi :

“Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində Şamaxıda sosial müəssisə açılıb

07 may 2022 | 12:22

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, “Azəriqaz” İstehsalat Birliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Şamaxı Rayon İcra Hakimiyyəti və “Bank Respublika” ASC-nin dəstəyi, “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin təşəbbüsü ilə icra olunan “Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində Şamaxıda sosial müəssisə açılıb.

Açılışda Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, KOBİA-nın İdarə heyəti sədrinin birinci müavini Natiq Həsənov, “Bank Respublika” ASC-nin İdarə heyətinin sədri Tariyel İsmayılov, “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov və digər rəsmilər iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, sosial müəssisənin istifadəyə verilməsində məqsəd tənha anaların sosial həyatda fəal iştirakını gücləndirməyə kömək etmək və qadınların iqtisadi, sosial təşəbbüslərini planlaşdırmaq və əlaqələndirmək, sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün geniş imkanlar yaratmaqdır.

Layihə çərçivəsində əvvəlcə uşaqlarını tək böyüdən və çoxuşaqlı anaların seçimi aparılıb. Uyğun namizədlərə KOBİA tərəfindən biznes təlimləri keçirilib və təlimin sonunda qiymətləndirmə olub. Layihəyə cəlb olunmuş şəxslərə Dövlət Məşğulluq Agentliyinin banklarla birgə icra etdiyi “Özünüməşğulluğa dəstək” layihəsi çərçivəsində “Bank Respublika” tərəfindən dərzilik fəaliyyəti üzrə avadanlıqlar təqdim edilib.

Qeyd edək ki, “Azəriqaz” İB-nin bazasında olan məkanlardan biri təmir edilərək sosial müəssisə formasında layihə iştirakçılarının istifadəsinə verilib. Növbəti mərhələdə Şamaxı Rayon İcra Hakimiyyəti müəssisədə istehsal olunacaq məhsulların satışına dəstək göstərəcək.

“Məşğulluq haqqında” Qanuna əsasən, sosial müəssisə – sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün yaradılan ixtisaslaşdırılmış hüquqi şəxsdir.

Mərasim iştirakçıları müəssisədə yaradılan şəraitlə tanış olublar.

Keçidlər