Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Şamaxıda vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov iyunun 23-də Şamaxıda Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.
Qəbuldan əvvəl General-polkovnik Azad Rəhimov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə çiçəklər düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Sonra Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının binasında vətəndaşların müraciətinə baxılıb. Qəbulda 28 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən hərbi xidmətə qəbul, mülki işə qəbul, xidmət yerlərinin müəyyənləşdirilməsi, Qarabağ müharibəsi veteranı adının verilməsi, həqiqi hərbi xidmətə çağırılan gənclərin ailə vəziyyəti ilə əlaqədar yaşadıqları əraziyə yaxın hərbi hissələrdə xidmət keçmələrinə kömək göstərilməsi və digər məsələlərlə bağlı olub.
Qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün nəzarətə götürülüb. Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.
Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.