Şamaxının Meysəri kəndində Azərbaycanda ilk dəfə reallaşan Beynəlxalq Barbekü Festivalı keçirilib
4 və 5 oktyabr tarixlərində Şamaxının Meysəri kəndində Azərbaycanda ilk dəfə reallaşan Beynəlxalq Barbekü Festivalı keçirilib.
Festival Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi, “Abqora” restoranı və beynəlxalq kulinariya hakimi Sahib-David İsrafilovun (Don David) dəstəyi ilə təşkil olunub.
Festivalda 30-dan çox ölkədən məşhur şeflər, eləcə də kulinariya assosiasiyalarının prezidentləri, “Michelin” mükafatına layiq görülmüş ustalar, kulinariya hakimləri iştirak ediblər.
Möhtəşəm barbekü təqdimatları ilə zəngin bu beynəlxalq tədbirin əsas məqsədi mədəni mübadiləni gücləndirmək, eləcə də Azərbaycanın qonaqpərvərliyini, mətbəxini və mədəni dəyərlərini dünyaya tanıtmaq, qastronomiya turizmini genişləndirməkdir.
Festival ərazisində quraşdırılmış müxtəlif pavilyonlarda yerli və xarici aşpazlar bir-birindən fərqli təamları təqdim ediblər.
Tanınmış aşpazlar ustad dərsləri təşkil edib, restoran pavilyonları ilə tanışlıq olub, yerli və xarici mətbəxin inciləri nümayiş etdirilib.
Şef-aşpazlar uşaqlar üçün ustad dərsləri də keçiblər. Əyləncə şəklində təşkil edilən ustad dərsləri zamanı mətbəxin kralları sayılan kulinarlar azyaşlılarla birgə burgerlər hazırlayıblar.
Festival zamanı komandalar arasında yarış da təşkil olunub. Hər komanda onlara verilən resept üzərində yemək bişirib. Yarışda dad, bişirmə dərəcəsi və təqdimat forması üzrə fərqlənən komandalar sertifikatlar, medallar və tərəfdaşlar tərəfindən təqdim edilən əsas kubok uğrunda mübarizə aparıblar.
Festival ərzində ziyarətçilər dadlı təqdimatları yerli və xarici musiqi kompozisiyaları fonunda izləyiblər.
Festivalın yaddaqalan məqamlarından biri də aşpazların Azərbaycan milli mətbəxi şousu olub. Azərbaycanın kulinariya mədəniyyətinin beynəlxalq təqdimatı məqsədilə festivala qatılan tanınmış xarici şef-aşpazlar milli təamlarımızı öz tərzlərində bişirib və yeməkləri nümayiş etdiriblər.






