Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Zəfərin mübarək, Vətən!” mövzusunda konfrans təşkil olunub

02 noyabr 2022 | 09:22

Zəfər Günü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX), Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının birgə təşkilatçılığı ilə “Zəfərin mübarək, Vətən!” mövzusunda konfrans keçirilib.

İştirakçılar tədbirdən öncə Şamaxı rayon Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin məzarları önünə gül dəstələri düzüblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın düşmən tapdağından azad olunduğu 44 günlük Vətən müharibəsində gənclərin ordu sıralarına səfərbər olmasında SHXÇDX-nin fəaliyyətini xüsusi vurğulayıb.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında Zəfər tariximizin yazılmasında böyük rolu olan dövlət-xalq-ordu birliyindən söhbət açıb. Tahir Məmmədov bildirib ki, Möhtərəm Prezidentimiz İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanın müasir inkişaf strategiyasının uğurla reallaşdırılması, milli həmrəyliyə yönəlmiş ardıcıl, məqsədyönlü siyasət milli maraqlarımızın və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə istiqamətlənib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi, polkovnik-leytenant Füzuli İsmayılov 44 günlük Vətən müharibəsi dövründə könüllü olaraq Vətənə xidmət etmək üçün müraciət edən Azərbaycan gənclərindən bəhs edərək bildirib ki, gənclərin vətənpərvər ruhda yetişdirilməsi də məhz Müzəffər Ali Baş Komandanın doğru istiqamətlənmiş daxili siyasətinin nəticəsidir. F. İsmayılov qeyd edib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər mahiyyət etibarilə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir. Məruzəçi onu da vurğulayıb ki, ölkəmizdə müasir ordu quruculuğunun əsası gələn il 100 illiyini qeyd edəcəyimiz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkəmizi xilas etdi, müstəqil Azərbaycanda peşəkar, nizam-intizamlı, vahid komandanlıqdan idarə olunan Silahlı Qüvvələrin formalaşdırılmasına şərait yaratdı, qısa müddətdə güclü ordu yaradıldı.

Universitetin şəhid məzunu Orxan Nəbiyevin atası ürək sözlərini, Orxanın cəbhə yoldaşlarının dilindən dinlədiyi qəhrəmanlıqları tədbir iştirakçıları ilə bölüşüb. O, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edərək, Prezident İlham Əliyevə xüsusi təşəkkürünü bildirib.

Çıxışlarda tarixi Zəfərimizin mahiyyəti geniş təhlil edilərək tələbə-gənclərə bu estafeti şərəf və rəşadətlə davam etdirmələri tövsiyə olunub.

Tədbirin sonunda ADPU-nun Şamaxı filialının tələbələri şeir kompozisiyası təqdim ediblər.

Keçidlər