Şamaxıda “Yay Fest 2022” düşərgəsinə start verilib
Şamaxıda gənclərin ilboyu xüsusi maraqla gözlədikləri Azərbaycanın ən böyük gənclər düşərgəsi olan “Yay Fest”in açılış mərasimi keçirilib. Tədbir bu il “Yay Fest”ə ev sahibliyi edəcək Şamaxı Astrofizika Rəsədxanasının ərazisində olub.
Xüsusi tərtib edilən “Yay Fest” ərazisində eyni vaxtda 300-dən çox gəncin qalması üçün ayrıca “çadır şəhərciyi”, təlim və görüşlər üçün məkanlar, həvəskar idman yarışları ərazisi və “party area” yaradılıb. Bundan əlavə, ərazidə gənclər üçün dincəlmək, intellektual və masaüstü yarışlar keçirmək üçün zonalar təşkil edilib. Gənclər gün ərzində “Yay Fest”də təşkil edilən təlimlərdə bilik və bacarıqlarını artıracaq, dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, rektorlar, tanınmış şəxslərlə görüşlərdə iştirak edəcək, intelektual və idman yarışlarında güclərini sınayacaq, əylənərək yeni dostlar qazanacaq və “haykinq”lər vasitəsilə Şamaxının qədim tarixi-mədəni abidələri, təkrarolunmaz təbiəti ilə tanış olacaqlar.
Bütün bunlar barədə geniş konsert proqramı ilə keçirilən açılış mərasimindəki çıxışlarda ətraflı danışılıb. Qeyd edək ki, 2019-cu ildən keçirilərək ənənə halını alan “Yay Fest” gənclər festivalının əsas məqsədi dövlət gənclər siyasətinə uyğun olaraq gənclər üçün müxtəlif sahələrdə yaradılan geniş imkanların təşviqi, gənc nəslin vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə bağlı və müasir dövrün çağırışlarına uyğun yetişməsi, Azərbaycan tarixi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin geniş təbliği, ölkəmizin müxtəlif bölgələrində yaşayan gənclərin sosiallaşması, onların müasir peşə və trendlər barədə məlumatlandırılmalarından ibarətdir.
Düşərgələrdə fəallığı ilə fərqlənən gənclər mükafatlandırılacaq. İyulun 19-dan sentyabrın 9-dək davam edəcək festival çərçivəsində mərhələli şəkildə fərqli mövzular (tələbəlik, vətənpərvərlik, yaradıcılıq, könüllülük, dayanıqlı inkişaf məqsədləri, innovasiya və sahibkarlıq, karyera və inkişaf, həmrəylik) üzrə 8 düşərgə təşkil olunacaq. Hər düşərgədə 250 iştirakçı olmaqla ümumilikdə 2 min gəncin “Yay Fest”dən faydalanması nəzərdə tutulur.
Bu günə qədər düşərgədə iştirak üçün 5 min nəfərdən çox gənc müraciət edib və hazırda onların mərhələli şəkildə qiymətləndirilməsi həyata keçirilir. Azərbaycan Respublikasının Gənclər Fondu gəncləri http://yayfest.az/ veb-səhifəsi və ya “GəncApp” mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçərək, düşərgədə iştirak seçimlərinə qatılmağa dəvət edir. Seçimlər zamanı 18-24 yaş arası yaradıcı, ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək. Düşərgədə iştirak hüququna malik olmaq üçün COVID-19 pasportu (ən azı 2 doza olmaqla) və ya immunitet sertifikatı mütləqdir.
Qeyd edək ki, “Yay Fest” layihəsi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.