Şamaxıda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elmi-praktik konfrans keçirilib
Şamaxı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və onun Şamaxı filialının birgə təşkilatçılığı ilə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda elmi-praktik konfrans keçirildi.
Tədbirdən öncə Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi ehtiramla yad edilib.
Konfransda çıxış edənlər Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADPU-nun rektoru Cəfər Cəfərov, ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri, onların canlı aləmə mənfi təsirlərindən söhbət açaraq ölkəmizdə bu istiqamətdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfində qoyulmuş, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu ekoloji siyasət haqqında tədbir iştirakçılarına geniş məlumat verdilər.
Tədbirdə ADPU-nun Şamaxı filialının məzunu Cavid İslamov, ADPU-nun Şamaxı filialının müəllimləri Çingiz Dadaşov və Təranə Əkbəri müxtəlif ekoloji mövzularda geniş məruzə ilə çıxış etdilər.
Tədbirdə eyni zamanda N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru fizika-riyaziyyat elmləri doktoru Namiq Cəlilova təltif olunduğu ADPU-nun 100 illik “Yubiley” medalı təqdim olundu.