Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Yaponiya-Azərbaycan Dostluq İli” çərçivəsində təlim keçirilib

20 may 2022 | 15:49

Yaponiya Səfirliyi Şamaxıda rayon icra hakimiyyətinin dəstəyi ilə Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümünə təsadüf edən “Yaponiya-Azərbaycan Dostluq İli-2022” çərçivəsində növbəti tədbir keçirib.

Tədbir çərçivəsində səfirliyin və Yaponiyanın Hitachi Hightech şirkətinin birgə əməkdaşlığı ilə Şamaxı şəhər E.Hüseynov adına 2 saylı tam orta məktəbdə “Təbiət Elmləri Təhsilinə dəstək” adlı təlim dərsi təşkil olunub.

Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdir müavini Sevinc Qasımova, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev və digər qonaqlar iştirak ediblər.

Təlim zamanı şagirdlərə Hitachi Hightech şirkətinə məxsus elektron mikroskop vasitəsilə çəkilmiş müxtəlif görüntülər və biologiya üzrə maraqlı məlumatlar verilib, yeni biliklər aşılanıb. Hitachi Hightech Rusiya və Yaponiya ofislərinin birgə hazırladığı və dünyanın bir sıra ölkələrində təqdim etdikləri təlim dərsi prezentasiya ilə başlayıb, daha sonra 7-ci sinif şagirdləri elektron mikroskopu uzaqdan idarə edərək müxtəlif nümunələrə baxıblar.

Qeyd edək ki, bu il silsilə şəkildə keçiriləcək bu tədbirlərdən ilki artıq fevral ayında Bakıda təşkil olunub.

Tədbirin əsas məqsədi Azərbaycanda şagirdlərin təbiət elmlərinə olan marağını artırmaq, onları gündəlik həyatlarında gördükləri əşya və ya canlıların quruluşları ilə bağlı düşündürərək təbiət elmlərinin əyləncəli tərəfini aşılamaq, eyni zamanda, Yaponiya istehsalı olan qabaqcıl texnologiyanı təqdim etmək olub.

Bundan əlavə, tədbir vasitəsilə şagirdlərin Yaponiyaya qarşı marağının artırması və bununla da, iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə və inkişafına töhfə olacağı gözlənilir. Eyni tədbirin Azərbaycanın digər regionları daxil olmaqla, 2 başqa təhsil müəssisəsində - Bakı və Şəki şəhərlərində keçirilməsi planlaşdırılır.

Keçidlər