Şamaxıda “Yanğın təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirilib
27 avqust 2024-cü il tarixdə rayon İcra Hakimiyyətində keçirilən müşavirədə RİH başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Hikmət Şikarov, FHN-nin DYNX-nin Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini Nurlan Şahmurov, İdarənin əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri və sahibkarlar iştirak edib.
Tədbiri RİH başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Hikmət Şikarov açaraq, rayonda fasad örtükləri poliuretan, alkapon və penoplastik yanar materiallarla üzlənmiş idarə, müəssisə və təşkilatlar, həmçinin sahibkarlıq obyektləri barədə məlumat verib, yanğın təhlükəsizliyi normalarının, standartlarının və qaydalarının tələblərinə riayət olunmasının, yanğın təhlükəsizliyi ilə bağlı aidiyyəti orqanların göstərişlərinin və digər qanuni tələblərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Sonra Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini Nurlan Şahmurov və İdarənin Şamaxı rayon şöbəsinin baş inspektoru Elvin İbrahimli çıxış edərək yanğın hallarının baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin əhəmiyyətini qeyd edib, böyük yanğınların kiçik yanğınlardan yarandığını və kiçik yanğın hadisələrinə əhəmiyyətsiz yanaşılmasının düzgün olmadığını bildiriblər.
Tədbirdə Şamaxı rayonunun ərazisində fasadların digər sintetik materiallardan üzlənməsi hallarının olmaması müsbət göstərici kimi qeyd edilməklə yanaşı mövcud alkapon üzlüklü fasadların dəyişdirilməsinin zəruri olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.