Şamaxıda yanğın təhlükəsizliyi mövzusunda maarifləndirici tədbir keçirilib
19 may 2023-cü il tarixdə Şamaxı Rayon İcra Hakimiyyətinin və FHN-nin DYNX-nin Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşkilatçılığı ilə yanğın hadisələrinin qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib.
Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini, FHN-nin DYNX-nin Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, həmin idarənin Şamaxı rayon şöbəsinin əməkdaşları, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, xidmət sahələrinin rəhbərləri, sahibkarlar və fermerlər iştirak edib.
Tədbiri RİH başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Hikmət Şikarov açaraq, biçin mövsümünün başlanması ilə əlaqədar müəssisə və təşkilat rəhbərlərinə, torpaq istifadəçilərinə yanğın təhlükəsizliyi normalarının, standartlarının və qaydalarının tələblərinə riayət olunmasının, əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsinin, eyni zamanda, yanğın təhlükəsizliyi ilə bağlı aidiyyəti orqanların göstərişlərinin və digər qanuni tələblərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən FHN-nin DYNX-nin Şimal-Qərb Regional DYNİ-nin rəisi, daxili xidmət polkovniki Natiq Mirzəyev hər bir yanğının fövqəladə hadisə olduğunu, çox vaxt böyük yanğınların kiçik yanğınlardan törəndiyini və kiçik yanğın hadisələrinə əhəmiyyətsiz yanaşılmasının düzgün olmadığını vurğulayıb. Həmçinin məişət tullantılarının, yaşayış məntəqələrində qurumuş kol-kosun yandırılmasının yaxınlıqda yerləşən digər obyektlərdə yanğın təhlükəsi yaratmaqla yanaşı, mühəndis kommunikasiya sistemlərinin sıradan çıxmasına səbəb olduğunu, bu kimi halların qarşısının alınması məqsədilə yerli özünüidarəetmə orqanları tərəfindən əhali arasında bu istiqamətdə mütəmadi olaraq maarifləndirmə və təbliğat işlərinin aparılmalı olduğunu bildirib.
Toplantıda ərazilərin daim təmiz saxlanılması, obyektlərin normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların köçürülməsi (təxliyə) planlarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılması, yanğına qarşı su təchizatına (hovuzlar, kəmərlər, çənlər) qayğı ilə yanaşılmasının vacibliyi məsələləri barədə də geniş danışılıb.
Tədbirin yekununda iştirakçıların sualları cavablandırılıb.