Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Ulu Öndərin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş beynəlxalq simpozium keçirilib

07 may 2022 | 12:32

Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin Germanistika İnstitutlarının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Germanistikanın yeni yolları, Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” mövzusunda beynəlxalq simpoziumun ikinci günü mayın 7-də Şamaxı şəhərində keçirilib. Simpoziumda Almaniya, Avstriya, İtaliya, Türkiyə, Qazaxıstan, Gürcüstan və digər ölkələrin ayrı-ayrı universitetlərindən olan alim və professorlar, gənc tədqiqatçılar, media nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi hissəsi Şamaxı rayon Mədəniyyət Mərkəzində reallaşıb. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov tədbiri açaraq simpoziumun xalqımız üçün çox əlamətdar olan bir günə - ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsinə təsadüf etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, simpoziumun konsepsiyasını qloballaşma prosesinin akademik elmə nüfuz etməsi, bilik və tədqiqat sahələri arasındakı sərhədlərin azalması kimi faktorlar, mədəni mübadilə proseslərini öyrənən yeni bir istiqamətin - mədəniyyət transferi sahəsinin yaranmasına gətirməsi təşkil edir. Simpoziumun Azərbaycan-Avropa elmi-ədəbi və mədəni əlaqələrinə töhfə verəcəyini qeyd edən icra başçısı xarici ölkə alimlərinə, eləcə də tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Milli Məclisin deputatı Tamam Cəfərova çıxış edərək bildirib ki, ölkəmizin hər yerində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunur. İki universitetin birgə təşkil etdiyi “Germanistikanın yeni yolları, Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” mövzusunda beynəlxalq simpozium da bu tədbirlərdən biridir və Ulu Öndərə dərin ehtiramın bariz nümunəsidir. T.Cəfərova Ulu Öndərin həmişə elm və təhsilə xüsusi qayğı ilə yanaşdığı, o cümlədən xarici ölkələrin elmi qurumları ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb.

Beynəlxalq simpoziumda Almaniyadan gələn yazıçı və tərcüməçi Heike Maria Johenning, alman naşir Hans-Jürgen Maurer, avstriyalı alim Irma Trattner, gürcü alim Ekaterina Shaverdashvili və digər alimlərin “Germanistikanın yeni yolları, Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” mövzusunda məruzələri dinlənilib.

Simpoziumun rəsmi hissəsindən sonra iştirakçıların Şamaxının tarixi abidələri və muzeylərinə ekskursiyası təşkil olunub, onlara rayonun tarixi və mədəniyyəti haqqında geniş məlumat verilib.

Keçidlər