Sentyabrın 7-də və 8-də Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində Üçüncü Üzüm və Şərab Festivalı keçirilib.
Festivalın açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və digər şəxslər iştirak ediblər.
Açılış mərasimində çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, regionun turizm potensialı çox böyükdür. Vaxtilə yalnız aqrar region kimi tanınan Şamaxı bu gün həm aqroturizm, həm də turizmin digər bütün istiqamətlərində inkişaf edir: “Rayonumuzda aparılan çox böyük quruculuq işlərinə, həmçinin inkişafa görə Prezidentimizə bütün əhalimiz adından dərin minnətdarlığımızı bildirirəm. Bugünkü tədbir turizm sahəsinin inkişaf modelinin bir tərkib hissəsidir”.
Tahir Məmmədov qeyd edib ki, hazırda bölgədə turizm istiqamətində ən başlıca faktor yerli və xarici turistlərin məmnunluğuna səbəb olan ümumi yeni inkişaf konsepsiyası, yeni modelin həyata keçirilməsidir: “Bu baxımdan Şamaxı şəhərinin ənənələri çox vacib yer tutur. Şamaxının poeziyası, musiqisi, xalçaçılığı, qədim tarixi abidələri, turistlərə çox yüksək səviyyədə təqdim olunmaq üçün hazırlanan bu konsert – bütün bu yeni model indi və gələn il şahidi olacağınız bir çox yeni layihələrlə sizin qarşınıza çıxacaq”.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib ki, bu festival artıq turizm təqvimində öz yerini tutub: “Azərbaycanın bəlkə də ən peşəkar, ən dadlı, ən şən festivalıdır. Biz düşünürük ki, festivalın miqyası ildən-ilə genişlənəcək, bəlkə də beynəlxalq xarakter daşıyacaq. Azərbaycan şərabçılığının ənənələri çox qədim və zəngindir. Hazırda Azərbaycan şərabçılığı yeni mərhələni yaşayır. Dövlət Turizm Agentliyi olaraq şərabçılığın təbliğində hər zaman maraqlıyıq ki, həm yerli, həm də xarici turistlər Azərbaycanın rəngarəngliyini hər zaman bilsinlər”.