Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda toxum sərgi-satış yarmarkası keçirilib

18 avqust 2023 | 16:02

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Aqrar İnnovasiya Festivalları çərçivəsində Şamaxıda toxum sərgi-satış yarmarkası keçirilib.

Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyasının təşkilatçılığı ilə keçirilən yarmarkalar yerli toxum bazarının formalaşması, sertifikatlı toxumlara əlçatanlığın təmin edilməsi, toxum istehsalçıları ilə fermerlər arasında birbaşa münasibətlərin qurulması məqsədi daşıyır.

Heydər Əliyev parkında keçirilən tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsini müvəqqəti icra edən Cəfər Məhərrəmov, Azərbaycan Toxumçular Assosasiyasının sədri Mədinə Əliyeva, Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Göyçay rayonlarından olan fermerlər və rayon sakinləri iştirak edib.

Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək xatirəsi yad edilib.

Tədbirin rəsmi hissəsində çıxış edən natiqlər son illər ölkəmizdə bütün istiqamətlərlə yanaşı kənd təsərrüfatı sahəsində də aparılan uğurlu islahatlardan, respublikada fermerlərə yaradılan münbit şəraitdən geniş söhbət açaraq bu kimi tədbirlərin keçirilməsinin aqrar sektorun inkişafındakı əhəmiyyətini xüsusi vurğuladılar.

Yarmarkada fermerlərə regionun torpaq-iqlim xüsusiyyətlərinə uyğun olaraq sortların seçilməsi, toxumun təmizlənməsi, dərmanlanması, aqrotexniki qulluq  qaydaları barədə ətraflı məlumatlar verilib, regionun prioritet istiqamətlərinə uyğun olaraq Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi və Şamaxı Üzüm Tingçilik Mərkəzinin mütəxəssisləri tərəfindən iştirakçılara müvafiq təlimlər keçirilib.

Toxum sərgi-satış yarmarkası ilə yanaşı festivalda kənd təsərrüfatında ixtisaslaşmış çoxsaylı şirkətlər tərəfindən texnika, aqreqatlar, pilotsuz uçuş aparatları, suvarma texnologiyaları, gübrə, pestisid nümunələri, əkin materialları sərgilənib. Festivalda həmçinin Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları və digər dövlət müəssisələrinin mütəxəssisləri tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq fermerlərə məlumat verilib, eləcə də bir sıra özəl şirkət nümayəndələri tərəfindən aqrarkredit xidmətləri barədə maarifləndirmə işləri həyata keçirilib.

Keçidlər