Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda torpaq idarəçiliyi sahəsində münasibətlərin tənzimlənməsi ilə bağlı zona müşavirəsi keçirilib

20 dekabr 2023 | 16:14

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması ilə bağlı növbəti zona müşavirəsi Şamaxıda keçirilib. Zona müşavirəsində Şamaxı, Ağsu və Qobustan rayonlarının yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, aidiyyəti dövlət qurumlarının, bələdiyyələrin təmsilçiləri iştirak ediblər.

Tədbirdən əvvəl Əmlak Məsələləri Dövlət Xidmətinin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri Şamaxı, Ağsu və Qobustan rayonlarının bələdiyyələri tərəfindən qaldırılmış məsələləri yerində araşdıraraq onların həlli istiqamətində təklif və tövsiyələrini verib, qanunvericiliyin tələblərini diqqətə çatdırıblar.

Zona müşavirəsində çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov torpaq ehtiyatlarının səmərəli idarəetməsinin təşkili, bu sahədə nöqsanların aradan qaldırılması istiqamətində görülən tədbirlərdən danışıb, torpaq idarəçiliyi sahəsində münasibətlərin tənzimlənməsi ilə bağlı aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin önəmini vurğulayıb.

Tədbirdə dövlət əmlakının idarə edilməsi, istifadəsi və mühafizəsinə nəzarət olunması, bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı rəy vermə işləri və digər məsələlər, elektron baza xəritələrinin işlənməsi barədə məlumat verilib.

Bildirilib ki, Şamaxı, Ağsu və Qobustan rayonları üzrə ümumilikdə 332 min 73 hektar ərazidə torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb. Kadastr uçotu işləri nəticəsində bələdiyyələrin, dövlət torpaqlarının sərhədləri müəyyənləşdirilib, bu şəhər və rayonlar üzrə 75 inzibati ərazi dairəsinin xəritələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Zona müşavirəsində Şamaxı şəhəri üzrə torpaqların elektron kadastr uçotu işlərin nəticələri nümayiş olunub. Tədbirdə torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması istiqamətində ciddi tədbirlərin görülməsinin, bu sahədə aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Şəhər və rayon icra hakimiyyəti, eləcə də digər dövlət orqanlarının nümayəndələri, bələdiyyə sədrləri çıxışlarında torpaq və əmlak idarəçiliyi sahəsində qarşılaşdıqları məsələlərdən bəhs ediblər.

Keçidlər