Şamaxıda şəhid Naiq Ələkbərovun xatirəsinə həsr olunmuş cüdo turniri təşkil edilib
Şamaxı Olimpiya Mərkəzində Vətən müharibəsi şəhidi Naiq Ələkbərovun xatirəsinə həsr olunan yeniyetmələr arasında cüdo turniri keçirilib.
Rayon icra hakimiyyətinin, idman və gənclər idarəsinin, “Qəbələ” idman klubunun təşkilatçılığı ilə keçirilən turnirdə respublikamızın müxtəlif şəhər və rayonlarından 270 nəfər idmançı iştirak edib.
2010-2012-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən yarışın açılışında Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov, "Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov, Vətən müharibəsi Şəhidi Naiq Ələkbərovun atası Faiq Ələkbərov, rayon gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin zabiti Cavid Dadaşov çıxış edib, idmançılara uğurlar arzulayıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışın sonunda mükafatlandırma mərasimi olub. Qalib gələn idmançılar müvafiq diplom və medallarla təltif ediliblər.
Qeyd edək ki, gizir Naiq Ələkbərov Vətən müharibəsində göstərdiyi igidliyə və qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.