Şamaxıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən maarifləndirici tədbir keçirilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar Şamaxı rayon Mədəniyyət Mərkəzində elmi-praktiki seminar keçirilib.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini - Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Şamaxı rayon komissiyasının sədri Hikmət Şikarov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının Həqiqi Hərbi Xidmətə Çağırış Baş İdarəsinin Çağırışaqədərki hazırılıq idarəsinin rəisi Füzuli İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Anar Hüseynov, Vətən Müharibəsi Qəhrəmanı Raqif İsrayılov və müvafiq komissiyanın üzvləri iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə RİH başçısının birinci müavini Hikmət Şikarov açaraq ölkə rəhbərinin 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin davamı olaraq keçirilən seminarın əhəmiyyətindən danışıb və Dövlət Proqramının icrası istiqamətində aidiyyəti orqanların üzərinə qoyulmuş vəzifələri qeyd edib.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının Həqiqi Hərbi Xidmətə Çağırış Baş İdarəsinin Çağırışaqədərki hazırılıq idarəsinin rəisi Füzuli İsmayılov gənclərin sağlam həyat tərzi seçmələrini tövsiyə edərək, gənclər arasında narkomaniyanın yayılma təhlükəsinin qarşısının alınması və narkotikin törətdiyi müxtəlif xəstəliklərdən qorunmanın vacibliyi haqqında gənclərə geniş məlumat verib.
Həmçinin tədbirə dəvət olunmuş Vətən Müharibəsi Qəhrəmanı Raqif İsrayılov gənclərə məsuliyyətli olmağı, zərərli vərdişlərdən uzaq durmağı, öz sağlamlıqlarına biganə qalmamağı və cəmiyyətimizin inkişafı üçün bu mövzuda maarifləndirici tədbirlərin mütəmadi keçirilməsini vurğulayıb.