Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Sabir poeziya günləri” çərçivəsində elmi-praktik konfrans keçirilib

31 may 2023 | 09:07

Şamaxı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Sabir poeziya günləri” çərçivəsində Azərbaycan satirik şeirinin ustadı Mirzə Ələkbər Sabirin anadan olmasının 161 illiyi ilə əlaqədar elmi-praktik konfrans keçirilib.

Tədbirdən öncə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin məsul şəxsləri, konfransa dəvət olunmuş mədəniyyət və incəsənət xadimləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri M.Ə.Sabirin məzarını ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Azərbaycan Yazıçılar Birliyinin Şirvan bölgəsinin rəhbəri, yazıçı Orxan Fikrətoğlunun aparıcılığı ilə keçirilən konfransda dahi şairin həyat və yaradıcılığı ətrafında geniş məruzələr dinlənilib.

Tədbirdə çıxış edənlər Azərbaycan Yazıçılar Birliyinin katibləri İlqar Fəhmi, Elçin Hüseyinbəyli, professor Rüstəm Kamal, professor Vaqif Yusifli, Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, Xalq artisti İlham Namik Kamal, Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist, qiraətçi Ağalar Bayramov və başqaları görkəmli sənətkarın satiralarını müsəlman şərqində bir intibah, oyanış kimi qiymətləndirərək, Sabir poeziyasının ölməzliyini, bənzərsiz söz ustadının fikirlərinin hər zaman aktual olduğunu diqqətə çatdıraraq onun yaradıcılığının Azərbaycan ədəbiyyatında mühüm yer tutduğunu vurğuladılar.

Konfransda çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov  Azərbaycan ədəbiyyatının əvəzolunmaz nümayəndəsi olan Mirzə Ələkbər Sabirin keçdiyi həyat yolundan, onun yaradıcılığına göstərilən dövlət qayğısından, ustad sənətkara olan xalq məhəbbətindən, sonsuz ehtiramdan söz açdı.

Tədbir çərçivəsində “Letterpress” nəşriyyat evi tərəfindən yeni tərtibatda 7 cilddən ibarət “Hophopnamə”nin təqdimati keçirildi.

Keçidlər