Şamaxıda "Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi ilə bağlı mülki müdafiə hazırlığının kompleks yoxlanılması" ilə əlaqədar hazırlıq müşavirəsi keçirilib
Sentyabrın 26-da Fövqəladə Hallar Nazirliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Rayon ərazisində fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq inzibati, ərazi idarəetmə, yerli özünüidarəetmə orqanlarının, təsərrüfat obyektlərinin, təhsil, özəl və digər müəssisələrin mülki müdafiə hazırlığının kompleks yoxlanılması” ilə əlaqədar hazırlıq müşavirəsi keçirilib.
Müşavirədə FHN-nin müvafiq struktur bölmələrinin nümayəndələri, Şamaxı Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının, həmçinin yerli özünüidarəetmə orqanlarının məsul şəxsləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Hikmət Şikarov mülki müdafiənin əsas məqsədi, təhlükəli və zərərli amillərin aşkara çıxarılması, həmin amillərin minimum dərəcəyə endirilməsi, sülh və müharibə dövründə baş verən qəza hallarının, fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələlərindən bəhs edib.
Həmçinin H.Şikarov mülki müdafiə sahəsində birgə fəaliyyətin və əməkdaşlığın əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını vurğulayıb.
Sonra FHN-nin Şimal-Qərb Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi vəzifəsini icra edən daxili xidmət mayoru Sarvan Əsədov fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, mülki müdafiənin təşkili və mülki müdafiə tədbirlərinin icra vəziyyətindən, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyindən, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin faydasından, eləcə də əhalinin maarifləndirilməsi, mühafizə vasitələri ilə təminatı, köçürülməsi və digər bu kimi mülki müdafiə tədbirlərinin daim diqqət mərkəzində olmasının əhəmiyyətindən bəhs edib.
Sonda bütün rayon təşkilatlarına kompleks yoxlamaya hazırlıqlı olmaları və bu məsələlərdən irəli gələn digər tədbirlərin görülməsinin vacibliyi tapşırılmışdır.