Şamaxıda mövsümün ilk toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı keçirilib
Şamaxı Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Toxumçular Assosiasiyasının birgə təşkilatçılığı ilə Şamaxıda mövsümün ilk toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı təşkil olunub.
Toxum sərgi-satış yarmarkasının keçirilməsində əsas məqsəd fermerlərin yüksək məhsuldarlığa malik, sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxumlara əlçatanlığını təmin etmək, yerli istehsalçıların məhsullarını geniş auditoriyaya təqdim etmək və sahədə dövlət-özəl tərəfdaşlığını gücləndirməkdir.
Tədbirdə Şamaxı, Oğuz, Qobustan və İsmayıllı rayonlarından toxum istehsalçıları, eləcə də toxum istehsalı və emalı ilə məşğul olan şirkətlər iştirak ediblər. Onlar öz məhsullarını sərgiləyib, müxtəlif növ toxum nümunələrini nümayiş etdiriblər.
Yarmarkada Kənd Təsərrüfatı Nazirliyi tərəfindən vahid stend altında ölkə üzrə sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxum nümunələri təqdim olunub. Təşkil olunan maarifləndirici sessiyalarda mütəxəssislər fermerlərə bölgənin aqroiqlim və torpaq xüsusiyyətlərinə uyğun toxum sortlarından — “Ləyaqətli-80”, “Yubiley-90”, “Qobustan”, “Gaudio”, “Maurizio”, “Lucilla” yumşaq buğda sortlarından, eləcə də “Dəyanətli” və “Finola” arpa sortlarından istifadə etməyi tövsiyə ediblər. Bu sortlar yüksək məhsuldarlığı və bölgənin torpaq-iqlim şəraitinə uyğunluğu baxımından seçilir və fermerlər bu toxum sortlarından istifadə etməklə daha dayanıqlı və səmərəli nəticələr əldə edə bilərlər.
Şamaxı Olimpiya Kompleksində Aqrar Biznes Festivalının rəsmi açılış mərasimində çıxış edən, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayonun aqrar potensialı barədə məlumat verib, əkin balansında üzümçülük və taxılçılığın üstünlük təşkil etdiyini diqqətə çatdırıb.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış edərək bildirib ki, il ərzində müxtəlif bölgələrdə təşkil olunan Aqrar Biznes festivalları maarifləndirici xüsusiyyəti ilə yanaşı, həm də aqrar sahədə dövlət-özəl tərəfdaşlığının gözəl nümunəsi rolunu oynayır.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli, Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin rəhbəri Taleh Zeynalov, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev çıxış edərək tədbir iştirakçılarına Aqrar Subsidiya Şurasının 2026-cı təsərrüfat ili üçün qəbul etdiyi qərarlardakı yeniliklər, kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri, təsərrüfat fəaliyyətində aqrokimyəvi analizlərin rolu, düzgün toxum seçimi və sertifikatlaşdırılmış toxumlardan istifadənin üstünlükləri barədə məlumat veriblər.
Daha sonra tədbir iştirakçıları stendlərə baxaraq Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası çərçivəsində təqdim edilən məhsullarla tanış olublar.
Aqrar Biznes Festivalının sərgi zonasında yerli kənd təsərrüfatı məhsulları, innovativ texnologiyalar və ağıllı təsərrüfat sistemləri nümayiş etdirilib. Sərginin startap bölməsində aqrar startapçılar və ölkədə süni intellektin tədris olunduğu universitetlərin tələbələri məhsul və prototiplərini təqdim ediblər.






