Şamaxıda “Milli dövlətçiliyimizin xilaskarı” adlı dəyirmi masa keçirilib
15 İyun - Milli Qurtuluş Günü münasibətilə Şamaxı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Milli dövlətçiliyimizin xilaskarı” adlı dəyirmi masa keçirilib.
İyunun 14-də YAP Şamaxı rayon təşkilatının inzibati binasında keçirilən tədbirdən əvvəl iştirakçılar xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstləri düzərək Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, partiyanın rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı rayon Ağsaqqallar şurasının sədri Mayıl Alıcanov, rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov, ADPU-nun Şamaxı filialının tələbəsi Narınc Cəbrayılova və başqaları çıxış edərək qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin xalqın çağırışı ilə respublikamıza rəhbərliyə qayıdışı Azərbaycanın müqəddəratını tənəzzüldən tərəqqiyə doğru dəyişdi. Ulu Öndər siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və yorulmaz fəaliyyəti ilə dövlət müstəqilliyimizin bütün təhlükələrdən xilas olmasını və ildən-ilə güclənməsini, sarsılmazlığını təmin etdi. Xalqımız Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşərək, Milli Qurtuluşun açdığı yolla öz böyük gələcəyinə dövlətin, ölkənin böyük perspektivlərinə doğru səfərbər oldu.