Şamaxıda İkinci Üzüm və Şərab Festivalı keçirilib
25-26 noyabr 2023-cü il tarixində Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində İkinci Üzüm və Şərab Festivalı keçirilib.
Festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır.
Festivalda ölkəmizin müxtəlif bölgələrindən olan üzüm emalı və şərab istehsalı zavodları tərəfindən müxtəlif çeşidli şərablar nümayiş etdirilib, şərabçılıqla bağlı müxtəlif tədbirlər - şərab dequstasiyaları, yarmarkalar, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə somelye kursları təşkil olunub, qonaqlara “Azərbaycanda şərabçılıq və şərab istehsalı tarixi” haqqında məlumat xarakterli təqdimatlar nümayiş etdirilib.
Festival çərçivəsində yerli şərab istehsalı müəssisələrinin, Üzümçülük İnstitutu, Üzümçülük və Şərabçılıq Assosiasiyası, eləcə də turizm sənayesi nümayəndələrinin iştirakı ilə "Azərbaycanda şərab turizminin perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada “Ölkə imicinin formalaşması mexanizmində etnoturizm” və “Şərabçılığın bir turizm məhsulu kimi inkişafı texnikası” mövzularında müzakirələr aparılıb.
Həmçinin festival çərçivəsində musiqili proqram və müxtəlif əyləncələr təşkil olunub. Festivalda uzun illərdən sonra ilk dəfə olaraq Qarabağda-Tuğda yetişdirilən Azərbaycanın ən qədim yerli texniki üzüm sortu hesab olunan “Xındoqnı” üzüm sortundan alınan yüksəkkeyfiyyətli qırmızı süfrə şərablarının təqdimatı da baş tutub.
Sərgi, əyləncə, piknik, suvenir, kulinariya kimi zonaları olan festival ərazisində ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dequstasiya edə, həmçinin bəyəndikləri məhsulları əldə ediblər.
Şərab istehsalçıları, şərabçılıq turizmi ilə əlaqəli sənaye nümayəndələri, rəsmi və media nümayəndələri daxil olmaqla festivalda gündəlik olaraq mindən çox qonaq iştirak edib.
Qeyd edək ki, Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədilə yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür.