Şamaxıda “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib
Rayon Mədəniyyət Mərkəzində 24 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib.
Tədbirdə şəhid ailələri, qazilər, veteranlar, hərbçilər, gənclər və rayon ictimaiyyəti iştirak edib.
Öncə Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əzəmətini və xalqımızın vətənpərvər ruhunu əks etdirən videoçarxlar nümayiş olunub.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov bildirdilər ki, Azərbaycanda milli ordunun quruculuğu məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan ordusu regionun və dünyanın ən güclü ordularından biridir. Müstəqil dövlətimizin bütün sahələrində olduğu kimi orduda da vaxtilə aparılan islahat və tədbirlər onun güclənməsi və inkişafına yönəlmiş və bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu sahədə də Ulu Öndər Heydər Əliyevin amalı və arzusunu gerçəkləşdirməkdədir. Bütün çıxış edənlər silahlı qüvvələr mənsublarını qarşıdan gələn bayram münasibətilə təbrik edib, onlara bu şərəfli işdə uğurlar və daim qələbələr arzulayıblar.