Şamaxıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən "Məktəbli Gənclərin İnkişafı Yay Düşərgəsi” təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən "Məktəbli Gənclərin İnkişafı Yay Düşərgəsi” təşkil olunub.
Düşərgənin açılış tədbirində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, Milli Məclisin deputatları Könül Nurullayeva və Göydəniz Qəhrəmanov, aidiyyəti qurumların və tərəfdaş təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər məktəb dövrünün gənclərin maraq və bacarıqlarının formalaşdığı, gələcək təhsil və peşə seçimlərinin əsasının qoyulduğu ən mühüm mərhələlərdən biri olduğunu qeyd ediblər. Bu düşərgənin iştirakçıların əmək bazarının müasir tələbləri barədə məlumat əldə etmələrinə, liderlik, ünsiyyət, komanda işi və digər vacib bacarıqlarını inkişaf etdirmələrinə imkan yaradacağını vurğulayıblar.
Natiqlər bu təşəbbüsün məktəbli gənclərin gələcək peşə və karyera seçimində erkən istiqamətləndirilməsinin əhəmiyyətini vurğulayaraq, bu mövzuda həyata keçirilən təşəbbüslərin gənclərin gələcək inkişafına mühüm töhfə verdiyini qeyd ediblər və bu düşərgə zamanı gənclərə səmərəli vaxt keçirmələrini arzulayıblar.
Düşərgə çərçivəsində iştirakçılar üçün karyera planlaması, gələcəyin peşələri, əmək bazarının tələbləri, peşə və ixtisas seçimi, liderlik, komanda işi, ünsiyyət bacarıqları, şəxsi inkişaf və digər mövzular üzrə təlimlər, seminarlar, interaktiv sessiyalar və praktiki fəaliyyətlər təşkil olunacaq.
Eyni zamanda məktəblilərin öz maraq və bacarıqlarını daha yaxından tanımaları, müxtəlif peşələr və fəaliyyət istiqamətləri barədə məlumat əldə etmələri məqsədilə müxtəlif maarifləndirici və inkişafyönümlü fəaliyyətlər həyata keçiriləcək.
Beş gün davam edəcək düşərgəyə əvvəlcədən qeydiyyatdan keçərək seçim mərhələsini uğurla tamamlamış 7-9-cu sinif şagirdlərindən ibarət 100 məktəbli cəlb olunub. Onların arasında himayədar ailələrdə yerləşdirilmiş uşaqlar da var.






