Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Dünyəvi cəmiyyətdə dinin yeri və rolu” mövzusunda növbəti tədbir keçirilib

16 dekabr 2022 | 14:07

Dekabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında “Dünyəvi cəmiyyətdə dinin yeri və rolu” mövzusunda  tədbir keçirilib.
Tədbirdə Şamaxı RİH başçısının birinci müavini Hikmət Şikarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Şamaxı Cümə məscidinin imamı, QMİ-nin bölgə qazisi Mərəhmət Mustafayev, əlaqədar təşkilat rəhbərləri, təhsil işçiləri və tələbələr iştirak ediblər.
RİH başçısının birinci müavini Hikmət Şikarov tədbiri giriş sözü ilə açaraq, son illər ölkəmizin bütün bölgələrində olduğu kimi, Şamaxıda da dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində işlərin görüldüyünü diqqətə çatdırıb. Hikmət Şikarov onu da bildirib ki, Ulu Öndər Heydər Əliyev və Onun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanda ictimai-siyasi və dini durum sabitdir.
Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində görülən işlərdən danışıb. Vurğulayıb ki, Azərbaycanda dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Səyyad Salahlı dini konfessiyalar arasında tolerantlıq mühitinin dövlət səviyyəsində qorunub saxlanılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirib. Dövlət Komitəsi sədrinin birinci müavini qeyd edib ki, Ulu Öndərin dövlət-din münasibətləri sahəsindəki nümunəvi siyasəti bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Gəncləri təhsilə, elmə, mənəvi dəyərlərimizə daha da bağlı olmağa çağıran Səyyad Salahlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə də ətraflı məlumat verib. O, dövlət başçısının müvafiq sərəncamları ilə DQİDK-nın tabeleyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından, Dövlət Komitəsinin digər dövlət qurumları ilə birgə respublikamızda həyata keçirdiyi maarifləndirmə tədbirlərindən danışıb. Onu da bildirib ki, dini, milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və cəmiyyətdə təbliği istiqamətində mühüm işlər həyata keçirilməkdədir.

Keçidlər