Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Din və ideoloji təhlükəsizlik” mövzusunda tədbir keçirilib

19 dekabr 2022 | 18:12

Dekabrın 19-da Şamaxı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK sədrinin müavini Səyavuş Heydərov, RİH başçısının birinci müavini Hikmət Şikarov, Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev, RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rəşad Əliyev, QMİ-nin bölgə qazısı Mərəhmət Mustafayev, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və bələdiyyələr  iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şamaxı RİH başçısının birinci müavini Hikmət Şikarov  son illər ölkəmizin bütün bölgələrində olduğu kimi, Şamaxıda da dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində işlərin görüldüyünü diqqətə çatdırıb. Hikmət Şikarov onu da bildirib ki, Ulu Öndər Heydər Əliyev və Onun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanda ictimai-siyasi və dini durum sabitdir. 

Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov çıxış edərək bildirib ki, bu gün din amili dünyada mədəni-əxlaqi dəyər çərçivəsindən çıxaraq kəskin şəkildə siyasiləşib. Din təkcə ictimai təfəkkürə deyil, mədəniyyətə, siyasi mövqeyə, insanların mənəvi həyatına ciddi təsir göstərən vasitəyə çevrilməkdədir. Natiq qeyd edib ki, bu baxımdan dini təhlükəsizlik milli təhlükəsizliyin və ya milli dövlət təhlükəsizliyinin ən mühüm istiqamətlərindən biridir: “Yaxın Şərqdə hazırda davam edən proseslər bir daha açıq şəkildə göstərdi ki, dini təhlükəsizlik təmin olunmadan milli təhlükəsizliyi təmin etmək qeyri-mümkündür. Milli təhlükəsizlik təmin edilmədən isə nə ictimai-siyasi sabitlikdən, nə demokratiyanın inkişafından, nə də hüquq və azadlıqların təmin edilməsindən bəhs etmək mümkündür”.

Dövlət Komitəsinin sədr müavini onu da vurğulayıb ki, dini məsələləri mənəvi aspektlə yanaşı, təhlükəsizlik aspektindən də dəyərləndirmək zərurəti yaranmışdır. Dinin mənəvi məzmunundan qoparılaraq siyasiləşdirilməsi bir sıra ölkələr, xüsusilə müsəlman ölkələri üçün dini təhlükəsizliyin təminatı baxımından olduqca təhlükəlidir. “Hazırkı dövrdə milli və qlobal təhlükəsizliyin əsas komponentlərindən birini məhz dini təhlükəsizlik təşkil edir”, - deyə S. Heydərov əlavə edib.

Tədbir müzakirələrlə yekunlaşıb.

Keçidlər