Şamaxıda Dağlıq Şirvan Regional Təhsil İdarəsi fəaliyyətə başlayır
Təhsil Nazirliyinin “Təhsil Nazirliyi sistemində idarəetmənin təkmilləşdirilməsi barədə” cari ilin 25 fevral tarixli əmrinə əsasən Şamaxı rayonunda Dağlıq Şirvan Regional Təhsil İdarəsi fəaliyyətə başlayır.
Mayın 4-də Şamaxı şəhər E.Hüseynov adına 2 nömrəli tam orta məktəbin akt zalında regional təhsil idarəsi müdirinin təqdimatı olub. Təqdimatda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov, Dağlıq Şirvan Regional İdarəsinə daxil olan Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarının təhsil işçiləri iştirak ediblər. Əvvəlcə Şamaxının mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, heykəlin önünə çiçəklər düzülüb.
Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov regional təhsil idarəsinə müdir təyin olunan Əməkdar müəllim Rövşən Əliyevi kollektivə təqdim edib, onun təhsil sahəsində səmərəli fəaliyyətindən danışıb.
Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi, sağlam təhsil sisteminin yaradılması istiqamətində həyata keçirdikləri tədbirlərdən və bu tədbirlərin uğurlu nəticələrindən danışıb. Vurğulayıb ki, təkcə Şamaxıda 70-dək təhsil ocağının 49-u üçün yeni binalar tikilib və bu istiqamətdə işlər davam edir.
Təqdimatda regional idarəyə müdir təyin olunan Rövşən Əliyev çıxış edərək göstərilən yüksək etimad üçün təşəkkürünü bildirib, üzərinə düşən vəzifələrin yerinə yetirilməsində əlindən gələni əsirgəməyəcəyini söyləyib.