Şamaxıda beynəlxalq idman turnirinə yekun vurulub
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Türkdilli dövlətlərin beynəlxalq badminton turnirinə yekun vurulub.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil edən badmintonçular Şamaxı İdman Olimpiya Kompleksində keçirilən yarışda 5 kateqoriya üzrə qalibləri müəyyənləşdiriblər.
Kişi badmintonçuların şəxsi yarışında badmintonçumuz Diki Pangestu gərgin və maraqlı mübarizə şəraitində keçən final görüşündə Emre Laleyə (Türkiyə) 2:1 hesabı ilə qalib gələrək, turnirin qızıl medalına sahib çıxıb.
Qadın badmintonçuların şəxsi yarışında Türkiyə təmsilçisi Özge Bayrak idmançımız Era Maftuhaya hər iki setdə qalib gəlib.
Kişi badmintonçuların qoşa yarışında Serhat Salim-Yusuf Ramazan (Türkiyə) tandemi Diki Pangestu-Muhammed Kadafi cütlüyünə 2:1 (20-22, 24-22, 22-20) hesabı ilə qalib gəlib.
Qadın badmintonçuların qoşa yarışında Türkiyə təmsilçiləri İlayda Nur-Sare Ece finalda Aişa Zumabek-Nargiza Raxmatullayeva cütlüyünü hər iki setdə məğlub edərək qızıl medal qazanıb.
Qarışıq qoşa kateqoriyasında badmintonçularımız Muhammed Kadafi-Era Maftuha həlledici görüşdə Buğra Aktaş-Sinem Yıldız (Türkiyə) tandemini 2:0 (21-19,21-18) hesabı ilə məğlub edib.