Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 12-ci Regional Konfrans keçirilib

13 aprel 2026 | 15:26

11-12 aprel 2026-cı il tarixlərində Şamaxıda TƏBİB, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə 12-ci Regional Konfrans keçirilib.

Konfransda Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Mehriban Eyubova, TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzabəyli, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti, professor Qurbanxan Müslümov, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev, Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova, eləcə də müxtəlif regionlardan, xüsusilə Dağlıq Şirvan iqtisadi rayonunu təmsil edən həkim-mütəxəssislər iştirak ediblər.

Konfrans çərçivəsində canlı cərrahiyyə nümayiş olunub. Əməliyyat professor Qurbanxan Müslümov və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahi işlər üzrə müavini Vüsal Sədrayev tərəfindən icra edilib. Canlı cərrahiyyə zamanı iki pasiyent üzərində daşlı xolesistit diaqnozu ilə laparoskopik xolesistektomiya əməliyyatı uğurla həyata keçirilib.

Tədbirin elmi proqramına uyğun olaraq cərrahiyyədə qanaxmaların idarə olunması, endoskopik və minimal invaziv yanaşmalar, postoperasion ağırlaşmaların idarəsi, invaziv radiologiyanın rolu və digər aktual mövzular üzrə plenar iclaslar və panel müzakirələr təşkil edilib.

Konfransın ikinci günündə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında praktiki təlimlər keçirilib. Təlimlər çərçivəsində lazer proktologiya, cərrahi tikiş, histeroskopiya, anestezioloq-reanimatoloqlar üçün CPR, traxeostomiya, endoskopiya, eləcə də tibb bacıları üçün praktiki bacarıqlar üzrə sessiyalar təşkil olunub.

İki gün davam edən konfrans regionlarda minimal invaziv cərrahiyyənin inkişafı, müasir tibbi texnologiyaların tətbiqi, həkimlər arasında bilik və təcrübə mübadiləsinin gücləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilib.

Keçidlər