Şamaxıda ali məktəbə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərlə görüş keçirilib
Sentyabrın 2-də Şamaxı şəhər Heydər Əliyev parkında ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərlə görüş keçirilib. Görüşdə rayon rəhbərliyi, yüksək bal toplayan abituriyentlər, valideynlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüşdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov yüksək nəticə göstərən məzunları, onların valideynlərini təbrik edib, ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsilə göstərilən diqqət və qayğıdan danışıb. Ali məktəblərdə gənclərə uğurlar arzulayan icra başçısı onların müstəqil Azərbaycanın milli-mənəvi dəyərlərinə sadiq, vətənpərvər, savadlı gənclər olaraq, ölkəmizin sosial-iqtisadi və mədəni həyatına böyük töhfə verəcəklərinə əminliyini bildirib.
Görüşdə çıxış edən Milli Məclisinin deputatı Tamam Cəfərova Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə təhsil strategiyasının uğurla həyata keçirilməsindən və bu sahədə əldə edilən uğurlardan danışıb. Qeyd edib ki, təhsilin inkişafı ölkəmizdə daim diqqət mərkəzində saxlanılır. Respublikamızda tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları inşa edilir, mövcud məktəb binaları təmir olunur və ya yenidən qurulur.
Tədbirin sonunda ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərə təşəkkürnamə və hədiyyələr verilib.