Şamaxıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə məişət zorakılığının qarşısının alınması mövzusunda təlim keçirilib
10 iyun 2024 | 12:42
Şamaxıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şamaxı Rayon İcra Hakimiyyəti, eləcə də Ağdaş, Ağsu, Göyçay, İsmayıllı, Qobustan, Ucar və Zərdab Rayon İcra Hakimiyyətlərində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının üzvləri üçün məişət zorakılığının qarşısının alınması mövzusunda təlim keçirilib.
Təlimin məqsədi monitorinq və əlaqələndirmə qruplarının üzvlərini “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa edilən yeni düzəlişlərlə tanış etməklə yanaşı, məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və regionlarda zorakılıqla mübarizə sahəsində profilaktik işin aparılması kimi məsələlərin müzakirə edilməsidir.
Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova respublika üzrə rayon və şəhər icra hakimiyyətlərində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının öz fəaliyyətlərini həyata keçirən zaman “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutaraq, zorakılıq qurbanlarına daha çevik dəstəyin göstərilməsi, mühafizə orderlərinin verilməsi, zəruri hallarda qurbanların sığınacaqlara yerləşdirilməsi istiqamətində tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb.
Təlimdə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması üzrə sektorun məsləhətçisi İradə Məmmədova tərəfindən Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının məsul şəxsləri üçün “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyəti və hüquqi müstəvidə görülməli olan tədbirlər, Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanuna edilən yeni düzəlişlər” mövzusunda təqdimat edilib.
Həmçinin Dövlət Komitəsinin Məişət zorakılığının qarşısının alınması üzrə sektorunun müdiri Vəfa Ələkbərova tərəfindən Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan cavab məktublarının təhlili verilib, eyni zamanda nöqsanların aradan qaldırılması və zəruri tədbirlərin görülməsi ilə bağlı izahat işi aparılıb.
Fikir mübadiləsi və sual-cavab sessiyası ilə davam edən təlimdə Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının sədrlərinin çıxışları dinlənilmiş, sonda iştirakçılara “Məişət zorakılığı qurbanlarının hüquqları” adlı bukletlər təqdim edilib.