Şamaxıda “4-cü sənaye inqilabı texnologiyalarının iqlim dəyişikliyi ilə mübarizədə rolu” adlı tədbir keçirilib
Şamaxıda “4-cü sənaye inqilabı texnologiyalarının iqlim dəyişikliyi ilə mübarizədə rolu” adlı tədbir keçirilib.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı, həmçinin Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şamaxıda “29 iqlim söhbəti: COP29-a gedən yol” tədbiri keçirilib.
Tədbir iqlim böhranına qarşı mübarizədə texnologiyanın transformativ potensialını araşdırmaq üçün müxtəlif maraqlı tərəfləri bir araya gətirib.
Tədbirdə BMT Azərbaycanın Rezident-Əlaqələndiricisinin Ofisi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası təşkilatının Katibliyi (UNFCCC), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT-nin Əhali Fondu (UNFPA), Ümumdünya Səhiyyə Təşkilatı (WHO), BMT-nin İnkişaf Proqramı (UNDP), Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Şamaxı Rayon İcra Hakimiyyəti rəhbərliyinin və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Muradlı iştirakçıları salamlayaraq tədbir üçün Şamaxı rayonunun seçilməsinə görə təşəkkür edib. O, rayonda 4-cü Sənaye İnqilabı texnologiyalarının tətbiqi ilə görülən işlər və nəzərdə tutulan layihələr barədə məlumat verib.
4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində qurum tərəfindən həyata keçirilən maarifləndirici tədbirlər və layihələr barədə məlumat verib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası təşkilatının Katibliyinin İqlim dəyişikliyi üzrə idarəçisi (UNFCCC) Niklas Svenningsen açılış nitqində texnologiyanın COP29 və ondan sonrakı məqsədlərə nail olunmasında həlledici rolunu vurğulayıb. “İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün bizə lazım olan əlverişli texnologiyalar artıq mövcuddur, lakin onları tətbiq etmək üçün siyasi iradəyə ehtiyacımız var. COP29 bu iradənin gücləndirilməsinə töhfə verəcək”, - deyə N.Svenningsen qeyd edib.