Şamaxıda "31 Mart - Azərbaycanlıların Soyqırımı Günü" ilə əlaqədar anım tədbiri keçirilib
Şamaxıda "31 Mart - Azərbaycanlıların Soyqırımı Günü"ndə qətliam qurbanlarının xatirəsi dərin hüznlə anılıb.
Rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının kollektivləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri soyqırımı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib.
Tədbir başlamazdan öncə iştirakçılar foyedə təşkil edilən məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov tədbiri açaraq, 1918-ci ildə Cənubi Qafqazda baş verən siyasi hadisələrdən danışıb, o vaxt Şamaxı qəzasında törədilən kütləvi qətliamların əslində erməni daşnaklarının zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımı siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
H.Şikarov, eləcə də YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımov, Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi Hacı Mərəhmət Mustafayev, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov və başqaları o vaxt Bakıda, ayrı-ayrı qəzalarda, o cümlədən Şamaxıda erməni quldurlarının törətdikləri kütləvi qırğınlar və onların nəticələri barədə tarixi faktları diqqətə çatdırıblar. Bildirilib ki, 1918-ci ilin mart-aprel aylarında təkcə Şamaxı qəzasında qəza mərkəzi və 120 kənd yaşayış məntəqəsinin 86-sı ermənilərin təcavüzünə məruz qalıb. Təcavüz nəticəsində 8027 azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Öldürülən əliyalın insanların 1277 nəfəri uşaq, 2560 nəfəri qadın, 4190 nəfəri isə kişi idi. Şamaxıda yüzlərlə sakin, o cümlədən uşaqlar, ahıllar, qadınlar Cümə məscidinə doldurularaq diri-diri yandırılıblar. Qətliamlar zamanı qəzanın 22 nəfər nüfuzlu ağsaqqalı və ziyalısı vəhşicəsinə qətlə yetirilib.
Qətliamlarda Stepan Şaumyanın göstərişi ilə Şamaxıda kütləvi qırğınlar törədən dəstə başçısı Stepan Lalayan, Arşak Gülbəndyan, Mixail Arzumanov, Karapet Karamanov kimi 31 daşnak dinc insanlara qarşı xüsusi qəddarlıqlar törədiblər.
Qeyd edilib ki, mart-aprel qırğınlarına məruz qalan digər 33 kənddə isə qətliamların konkret mənzərəsi və miqyası barədə araşdırma yarımçıq saxlanılıb, tarixi həqiqətlərin üzə çıxarılması uzun illər yasaq edilib.
Yığıncaqda ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımı siyasətinin davam etdiyi vurğulanıb. Belə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təpədən dırnağadək silahlanan ermənilər keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbi texnikası ilə Xocalı şəhərinə basqın edərək dinc sakinlərə qarşı görünməmiş vəhşiliklər törədib. Bir gecədə 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla, 613 nəfər qətlə yetirilib, 487 nəfər yaralanıb, 1225 nəfər girov götürülüb ki, onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyil. Bütün bunlar ermənilərin zaman-zaman irəlicədən planlaşdırdıqları və fürsət düşən kimi həyata keçirdikləri xalqımıza qarşı soyqırımı siyasətinin davamıdır.
Yığıncaqda ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanının, bu sənədlə əlaqədar həyata keçirilən tədbirlərin, Prezident İlham Əliyevin bu sahədə gördüyü ardıcıl və məqsədyönlü işlərin uğurlu nəticələrindən də danışılıb. Vurğulanıb ki, tarixi qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi erməni daşnaklarına bir dərs oldu. Düşməndən azad edilən torpaqlarımızda tapılan kütləvi məzarlıqlar ermənilərin törətdikləri qətliamlarla bağlı yeni-yeni faktları üzə çıxarmaqdadır.
Tədbirin sonunda Şamaxı şəhər 9 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı azərbaycanlıların soyqırımına həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib, soyqırımı ilə bağlı film göstərilib.