Şamaxıda “2023-cü il üçün Türk dünyasının turizm paytaxtı Şamaxı şəhəri miqrasiya kontekstində” mövzusunda tədbir keçirilib
Rayon Mədəniyyət Mərkəzində Şamaxı Rayon İcra Hakimiyyətinin və Ağsu Regional Miqrasiya İdarəsinin birgə təşkilatçılığı ilə “2023-cü il üçün Türk dünyasının turizm paytaxtı Şamaxı şəhəri miqrasiya kontekstində” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Etibar Muradlı, Ağsu Regional Miqrasiya İdarəsinin məsul əməkdaşları, hüquq-mühafizə orqanları, rayonun kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə üzvləri və ictimaiyyət nümayəndələri, işəgötürənlər, sahibkarlar, turizm sektorunun nümayəndələri, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak etmişdir.
Tədbir zamanı Şamaxı rayonu barədə məlumatları əks etdirən tarixi məkanlar, istirahət mərkəzləri və digər turizm sahələri barədə geniş məlumatlar əks olunmuş videoçarx nümayiş etdirilmişdir.
Daha sonra ölkə ərazisində qanunsuz yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin yaşamalarının leqallaşdırması (qanuniləşdirməsi) ilə bağlı müraciət haqqında məlumatlar verilmiş, həmçinin miqrasiya sahəsində qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər barədə fikir mübadiləsi aparılmışdır. Dövlət Miqrasiya Xidmətində fəaliyyət göstərən çağrı mərkəzi və elektron xidmətlər vasitəsilə vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bütün xidmət növləri barədə məlumat ala bilmələri üçün yaradılan şərait, daxil olan sualların operativ cavablandırılmasının təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilmişdir.