Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Quşçu kəndində keçirilib
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının qrafiq üzrə növbəti səyyar görüşü keçirilib.
Rayonun Quşçu kəndində keçirilən səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayon prokuroru Müşfiq Səfərov, rayon polis şöbəsinin rəisi Əlyəddin Səfərov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Qəbulda rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək respublikamızda aparılan islahatlar və bu sahədə hər bir kəsin üzərinə düşən vəzifələrdən danışıb.
Qəbul zamanı kənd sakinləri tərəfindən elektrik şəbəkəsinin yenilənməsi, içməli suyun qıtlığı və kənd məktəbinin yenilənməsi əsas məsələ kimi vurğulanıb. Görüşdə sakinləri narahat edən digər məsələlər ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar yerlərdə sakinlərin müraciətlərinə baxılması üçün belə səyyar görüşlərin keçirilməsindən məmnunluqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.